Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün keçirilən konfransda Fətullah Gülən və onun lideri olduğu təşkilatla bağlı maraqlı açıqlamalar verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, R.T.Ərdoğan "camaatın əsl üzünü vaxtında xalqa göstərə bilmədiyinə görə üzrxahlıq edib: "Gəlin açıq danışaq, rəhmətlik Turqut Özal da, Bülent Ecevit də, hətta biz də onlara kömək etmişik. Şəxsən mən də qatılmadığım tərəfləri olsa da, onlara yardımçı olmuşam. Hər şeyə rəğmən bu xain təşkilatın gerçək üzünü daha əvvəldən ortaya çıxara bilmədiyim üçün təəssüflənirəm. Buna görə, həm Allaha, həm də millətə hesab verməli olduğumuzu da bilirəm. Millət bizi əfv etsin.

Türkiyə prezidenti sözlərinə belə davam edib: "Ölkə içində və xaricdə təhsilə və yardım fəaliyyətləri çərçivəsində "Allah-Allah" dedikləri üçün anlayış göstərdik. Fikirləşdik ki, ortaq tərəflərimiz var. Eyni mənzilə gedən iki ayrı yolun olduğunu düşündüyümüz bu cərəyanın tamamilə başqa və gizli həyata keçirilən planının olduğunu görə bilmədik.

R.T.Ərdoğan ölkəsində son 3 ildə çox vacib proseslərin getdiyini və 15 iyul hadisələri ilə bu prosesin kulminasiya nöqtəsinə çatdığını deyib.