Azərbaycanlı ekstrasens, TNT kanalında yayımlanan "Ekstrasenslərin döyüşü" şousunun altıncı mövsümünün finalçısı Zirəddin Rzayev NTV telekanalını məhkəməyə verib.

Unikal.org oxu.az-a istinadən bildirir ki, ekstrasens kanal rəhbərliyinin "Ehtiyatlı olun şarlatanlar: teleekstrasenslər rusiyalılara necə təsir edir?" verilişində onun şəklindən istifadə etmələrinə qəzəblənib. Mənəvi zərərə görə, Zirəddin NTV kanalından beş milyon rubl tələb edib.

O, məhkəmə prosesinin onun xeyrinə həll ediləcəyindən əmin idi, amma yanıldı. Araşdırma zamanı verilişin süjetinin onun şərəf və ləyaqətinə heç bir xələl gətirmədiyi aşkar edilib.

"Teleşirkətin vəkili bildirib ki, onların mənə qarşı münasibətləri pis deyil. Onlar məni yox, başqalarını, yəni süjetdə haqqında danışdıqları adamları fırıldaqçı hesab edirlər. Məni, sadəcə, məşhur adam kimi göstəriblər, amma nə adımı, nə də soyadımı çəkməyiblər. Adı və soyadı çəkilənləri məhz fırıldaqçılıqda günahlandırırlar", - deyə ekstrasens bildirib.

Zirəddin özünü məğlub hesab etmir, axı telekanalın rəhbərliyi onun fırıldaqçı olmadığını etiraf edir. Amma məhkəmənin qərarından razı qalmayıb. Rzayevin sözlərinə görə, o, apellyasiya məhkəməsinə müraciət etməyə hazırlaşır.