Bu gün Nazim Səfiyev adlı vətəndaşın Şirvan Şəhər Dövlət Yol Polisi Şöbəsində təhqirə və kobud münasibətə məruz qalması ilə bağlı yazdığı yazıya Baş Dövlət Yol Polisi İdarəsi cavab verib.

Unikal.org avtosfer.az-a istinadən bildirir ki, idarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, həmin vaxt Şirvan Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları üzərində istifadəsinə icazə verilməyən pərdə olan "Prado" markalı avtomobili saxlayıblar. Avtomobilin Sabirabad rayonundan olan sürücüsü yol polislərinə müqavimət göstərdiyi üçün əraziyə Post-Patrul Xidmətinin əməkdaşları dəvət olunublar. PPX əməkdaşları sürücünü Şirvan Şəhər Polis Şöbəsinə aparıblar. Burada onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmə isə həmin sürücünün barəsində 10 gün inzibati həbs qərarı çıxarılıb. Sürücü bu qərardan narazı qaldığı üçün apellyasiya şikayəti verib. Lakin Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb: "Bu materiala bağlı Şirvan Şəhər Dövlət Yol Polisi Şöbəsi ilə əlaqə saxladıq. Məlum oldu ki, həqiqətən də Nazim adlı şəxs şöbəyə gəlib və həmin sürücünün buraxılmasını xahiş edib. Lakin ondan soruşanda ki, sürücü sizin nəyinizdir? Bildirib ki, heç nəyim".
O ki qaldı yol polisi əməkdaşlarının vətəndaşı ələ salıb təhqir etməsinə, Kamran Əliyev bildirdi ki, belə hal baş verməyib. Sadəcə vətəndaşın istəyi baş tutmadığı üçün o, bu cür məlumat yayıb.