Azərbaycan dövlətinin qayğısı altındadır

Dünyanı dərk edib, özümüzü tanıyandan ətrafımızda ata-anaya hörmət, ağsaqqala, ağbirçəyə dərin ehtiram görmüşük. Bu, ta qədimdən Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən olmuşdur. Amma təəssüf ki, bəzən bunun əksi də olur. Valideynlər övlad qayğısından kənar qalır, böyüyüb boya-başa çatdırdığı övladından soyuq münasibət görür, nəticədə qocalar evlərinin sakinlərinə çevrilirlər. Bunun necə bir əzab olduğunu övladından bu münasibəti görənlər bilər.
Bu məqamda yenə ümid qalır dövlətə. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsini təşkil etmək məqsədilə Azərbaycan dövləti üzərinə düşən bütün funksiyaları layiqincə yerinə yetirir. Azərbaycanda ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir və son illər bu istiqamətdə mühüm işlər görülür.
Ölkəmizdə əlil, tənha və ahıllara xidmət göstərən müəssisələrin sakinləri dövlət qayğısı ilə əhatə olunub. Dövlətimiz atılmış valideynlərə daim qayğı göstərir. Bu qayğı və diqqətin də əsasında min illərdən üzü bəri süzülüb gələn, milli mənəvi dəyərlərdən qaynaqlanan bir siyasi xətt durur...
BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi ilə bağlı Qətnamə"yə əsasən, 1 oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis olunmuşdur. 1993-cü ildən başlayaraq hər il oktyabrın 1-i respublikamızda Beynəlxalq Ahıllar Günü silsilə tədbirlərlə qeyd edilir.
Məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək, imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.
Azərbaycan dövləti tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Qanunu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.
Azərbaycanda ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyevin layiqli səviyyədə davam və inkişaf etdirdiyi bu humanist siyasətin əsasında ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi dayanır.
Hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır və ölkə üzrə 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 12 min nəfərə yaxını 70 yaşdan yuxarı olanlardır. Eyni zamanda, bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 700 nəfərdən çox Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, həmin təbəqədən olan 50 nəfərə yaxın ahıl isə mənzillə təmin edilmişdir. Həmçinin dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təmin edilirlər.
Azərbaycanda ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir və son illər bu istiqamətdə mühüm işlər görülmüşdür.
Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Prezidentinin 2006-cı il 17 aprel tarixli Sərəncamı ilə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Bu Proqramda, eləcə də Azərbaycan Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda və digər dövlət proqramlarında ahılların sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Fondda ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir, sağlamlıq imkanları diqqətdə saxlanılır.
Hazırda paytaxtımıza yaxın bir ərazidə - Bilgəhdə yerləşən müharibə və əmək əlilləri üçün pansionatda çoxsaylı ahıllar üçün yaradılmış əlverişli şərait dediklərimizə əyani sübutdur.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Bilgəh müharibə və əmək əlilləri üçün pansionatında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla yanaşı, pansionat üçün beşmərtəbəli, 170 yerlik ikinci korpus inşa olunmuş, müəssisənin 7 hektardan ibarət ərazisi abadlaşdırılmışdır. Hazırda burada tam dövlət təminatında 156 ahıl vətəndaş yaşayır. Qocalar evində qalanlar orada dövlət hesabına yaşasalar da, həm də təqaüdlərini 100 faiz alırlar.
Daim beynəlxalq münasibətlərə mühüm dəyər verən Azərbaycan hökuməti bu sahədə də öz ənənəsinə sadiqdir. BMT-nin baş katibi Pan Gi Mun ötən il 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə müraciətində hökumətləri ahılların ehtiyacları ilə əlaqədar daha çox tədbirlər görməyə səsləmişdir.
Sevindirici haldır ki, Azərbaycan hökuməti bu sahədə üzərinə düşən işi əsas vəzifələrdən biri kimi, çox yüksək səviyyədə, milli-mənəvi dəyərlər kontekstində həyata keçirir.
Bu istiqamətdə işini günün tələbləri səviyyəsində quran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də ahıl vətəndaşların sosial problemləri ilə daim maraqlanır, onların ehtiyaclarının müəyyənləşdirilərək həlli üçün müəyyən işlər görür, əlaqədar dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə ahılların sosial problemlərinin həlli naminə birgə layihələr həyata keçirir.
Dünya praktikasında olduğu kimi, Azərbaycanda da tənha yaşlılara göstərilən sosial xidmətin stasionar forması var. Stasionar sosial xidmət özündə internat evi tipli pansionatları və qocalar evlərini cəmləşdirir. Hazırda Azərbaycanda ahıllar və əlillər üçün 7 internat evi fəaliyyət göstərir. Burada təkcə yaşlı insanlar yox, həmçinin əqli və fiziki məhdudiyyəti olan insanlar da qalırlar.
Azərbaycan Prezidenti İlham Əliyev 2012-2015-ci illərdə aztəminatlı vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə müxtəlif fərman və sərəncamlar imzalanyıb.
Aztəminatlı ailələrin, uşaq evlərində, internatlarda yaşayan, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin, həmçinin, qocalar evlərinə məskunlaşmış insanların tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Araşdırmalar müəyyənləşdirib ki, son illər övladları və yaxın qohumları tərəfindən müəyyən yollarla aldadılaraq mənzil, torpaq və sairə əmlakları əlindən alınaraq qocalar evlərinə qoyulmuş və küçələrə atılmış insanların sayı günü-gündən artmaqda davam edir.
Övladları, yaxın qohumları tərəfindən müəyyən səbəblər üzündən aldanılaraq qocalar evlərinə düşmüş və küçələrə atılmış insanların tibbi-sosial problemləri də diqqət mərkəzindədir. Hazırda respublikada 14 mindən çox ahıl vardır, bunlardan 500 nəfəri ahıl vətəndaş kimi ayrı-ayrı qocalar evlərində dövlət təminatında yaşayır.
Amma... Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan ahılların ən çox ehtiyacı övlad sevgisinədir. Hazırda dünyada bir çox ahıllar var ki, bu sevgidən məhrumdur. Səbəbinə gəldikdə isə onların sırasında yaxınlarını itirərək tənhalığa məhkum olan yaşlılarla yanaşı, övladları tərəfindən tərk edilərək yalnız qalanlar da var.
Yeni doğulan körpələri üçün böyük sevinclər yaşayan valideynlər bəzən heç düşünmürlər ki, doğumuna sevindikləri bu övladları tərəfindən nə zamansa tərk edilər, hətta qocalar evinin sakininə çevrilə bilərlər. Yəni övladı olsa da, kimsəsiz adını qazanırlar.
Ancaq belə valideynlərin varlığı acı həqiqətdir. Hazırda övlad sevgisinə həsrət qalan neçə-neçə insan var. Harada yaşamasından asılı olmayaraq tənha, kimsəsiz ömür sürən bu ahıllara məhz bu yaşında diqqət, qayğı göstərilməsi vacibdir. Unutmayaq ki, hər bir insan yaşlanmağa məhkumdur. Bu gün valideynlərini tənha qoyub gedən, onları köməksiz buraxan övladlar bilməlidir ki, həyatın hazırladığı bu imtahana hər kəs hazır olmalıdır.
Sonda vacib bir nüansı xatırladaq ki, yaşlı nəslə, xususən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir. Bu haqda müdrik atalarımızın daha gözəl kəlamı vardır: "Qocalara hörmət et, səndə qocalacaqsan!"
Ağsaqqallar həmişə respublikamızda gedən seçki və referendumlarda , ölkəmizin taleyüklü məsələlərinin həllində fəal iştirak etmişlər. Bu fəaliyyətlərinə görə də onlar daim təşəkkürə layiqdirlər.