Cəzaçəkmə müəssisələrindən azad olan insanların cəmiyyətə adaptasiya olunması hər zaman aktual məsələdir. Ömrünün müəyyən hissəsini dəmir barmaqlıqlar arasında keçirib azadlığına qovuşanların özünə iş tapması, əmək vərdişinin bərpası, yenidən cəzaçəkmə müəssisəsinə dönməməsi üçün cəmiyyətə inteqrasiyası və adaptasiyası çox vacibdir.
Ekspertlər bu məsələnin "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında" qanunla tənzimləndiyini deyirlər. "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın sədri Sahib Məmmədov deyir ki, bu qanun penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir: "Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan ölkə vətəndaşlarına, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində ölkəyə daimi yaşamaq üçün qayıtmış ölkə vətəndaşlarına şamil olunur. Bu qanunun 7-ci maddəsində sosial adaptasiyaya ehtiyacı olan şəxslərin qeydiyyata alınması və onlarla hazırlıq işlərinin aparılması qeyd olunub. Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədi ilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və ölkəmizdə daimi yaşamaq üçün qayıtmış Azərbaycan vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır".
S. Məmmədovun sözlərinə görə, 9-cu maddədə cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və vəzifələri öz əksini tapıb: "Cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudliyyətlər nəzərə alınmaqla ölkə Konstitusiyasında, bu qanunda, digər qanunvericilik aktlarında, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər".
Onun sözlərinə görə, 9-cu maddədə cəza çəkməkdən azad edilmiş şəxslərin yaşayış yeri ilə təmin olunması qeyd olunub. Həmin maddənin 1-ci bəndində qeyd olunub ki, "Cəza çəkməkdən azad edilmiş şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar". Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər. Bu maddənin 2-ci bəndində isə göstərilib ki, qeydiyyata alınmış və yaşayış sahəsi olmayan cəza çəkməkdən azad edilmiş şəxslər sosial adaptasiya müddətindən çox olmamaqla müvəqqəti yaşayış yeri ilə təmin edilirlər. Yaşayış sahəsi olmayan şəxslərin müvəqqəti yaşayış yerində yaşamaq müddəti müstəsna hallarda artırıla bilər. Müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və yaşamaq müddətinin artırılması halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış sahəsi olmayan və himayəsində 14 yaşadək uşağı olan cəza çəkməkdən azad edilmiş qadınların müvəqqəti yaşayış yeri ilə təmin olunması təxirə salınmadan həyata keçirilir. Cəza çəkməkdən azad edilmiş birinci və ikinci qrup əlillər, altmış iki yaşına çatmış kişilər və əlli yeddi yaşına çatmış qadınlar öz ərizələri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlillər və ya qocalar evlərinə göndərilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər".
S. Məmmədov deyir ki, qanunla cəza çəkməkdən azad edilmiş himayəsində 14 yaşadək uşağı olan tənha qadınların məşğulluğunun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirə salınmadan həyata keçirilir. Eyni zamanda cəza çəkməkdən azad edilmiş tibbi yardıma ehtiyacı olan şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən maliyyələşdirilən tibb müəssisələrində tibbi xidmətlərdən istifadə etmək hüquqları var. Çox təəssüf ki, bəzi məhkumlar azadlığa qovuşduqda səhhətlərində problem olsa da, öz hüquqlarını bilmirlər. Qeyd edək ki, azadlığa çıxan məhkumlar arasında vərəm xəstələrinin də sayı az deyil. Bu qanunla onlar müvafiq icra hakimiyyəti orqanının nəzarəti ilə yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınırlar. Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar. Cəzaçəkmə müəssisəsindən çıxan məhkumların işlə təminatına problem yaradan digər amil onların təhsilsiz olmasıdır. S. Məmmədov deyir ki, qanunla müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə yiyələnmələrinə şərait yaratmalıdır. Hətta qanunla cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmsöhbətimiz deyir ki, qanunla həmin şəxslərə müavinət də verilməlidir: "Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər. Belə ki, bələdiyyə və sair qurumlar da bu cür şəxslərdən öz köməkliklərini əsirgəməməlidirlər: "Qanunda açıq şəkildə göstərilib ki, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Sosial adaptasiya tədbirləri bələdiyyə vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev isə deyir ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial müdafiəsi diqqətdə saxlanılır. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial müdafiə və aktiv məşğulluq tədbirləri penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxsləri də əhatə edir: "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununda penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi nəzərdə tutulur. Bu sahədə görülən işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri ötən il ərzində penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş, tibbi və sosial yardıma ehtiyac duyan 5823 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib. Qanunda nəzərdə tutulduğu kimi, həmin şəxslərin hər birinə minimum aylıq əməkhaqqının dörd misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nda digər tədbirlərlə yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsi də əksini tapıb. Bu sahədə də müvafiq işlər görülür. Təkcə ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti qeyd olunan şəxslərdən 152 nəfəri üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarının təşkil olunmasını təmin edib. Onlardan 11 nəfəri qadınlardan ibarət olub. Peşə təlimi penitensiar müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında təşkil edilir. Kurslara cəlb olunan həmin şəxslər cəzaçəkmə müəssisələrindən buraxıldıqdan sonra yaşadıqları rayon və ya şəhərin Məşğulluq Mərkəzləri tərəfindən onların yeni yiyələndikləri peşələr üzrə münasib işlərlə təminatı üçün müvafiq işlər aparılır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi inşa olunur. Mərkəz qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması, onlara müvafiq sahələrdə yardım göstərilməsi və s. işlərlə bərabər, onların peşə reabilitasiyası, əmək bazarına çıxışının asanlaşdırılması yönündə də işlər aparacaq. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunu bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsi üçün bərabər imkanlar yaradır. Həmin Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlilliyi olan şəxslər, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri ilə yanaşı cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar da daxildir. Həmin insanlar kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilirlər. Qanunvericiliyə əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə, işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında, işçilərin sayı 50-dən 100-dək olduqda 4 faizi miqdarında, işçilərin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında nəzərdə tutulur. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial müdafiəsi, onların əmək bazarına çıxş imkanlarına malik olması üçün şərait yaradılması istiqamətində tədbirlər cari ildə də davam etdiriləcəkdir".