"Bu gecəyə nifrət edirəm. Səni məndən, bizdən alan bu gecəni heç vaxt bağışlamayacağam. Sən həyatımda ilk sevdiyim, ilk həsəd apardığım, dərdimi bölüşdüyüm kişi oldun".

Unikal.org axsam.az-a istinadən məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə yazıb.

Atasını xatırlayan aparıcı onunla bağlı təəssüratlarını bölüşüb:

"Məni qadın cildində mərd bir kişi kimi böyütdün. Dünyanın o başına getsəydim, gözünü qırpmazdın, "Ürəyim buz kimidir. O mənim erkək qızımdır", - deyərdin. Mənim sağlamlığımı düşünüb, mən gedəndən sonra son mənzilə biletini aldın. Son dəfə yanında ola, səni son mənzilə yola sala bilməmək ürəyimə bir başqa dağ çəkdi. Bunun acısını kimsə mənim kimi bilə bilməz.

Düşüncəmdəki əsl kişi obrazı, səbrli, dözümlü, mərd adam, qayğıkeş həyat yoldaşı, əvəzolunmaz ata, əlləri qızıl sənətkar, müəllim, dostum, sirdaşım, hər şeyim sən idin, ata. Bu həyatda sənə rəqib tapmadım və indi bu yaşımda səhvlərdən keçə-keçə, həyatı öyrənə-öyrənə anlayıram bunu.

Dünyanın gərdişi dəyişsə, bir dilək şansım olsa, tanrımdan səni qaytarmağını istəyərdim. Çünki o soyuq qara daş sənin kimi saçlarımı oxşamır, öpmür gözlərimi, "arxandayam" deyib güvən vermir, qara daşdan sənin qoxun gəlmir. Bircə ümidim var, səni görəcəyəm. Sənə çox ehtiyacım var, ata".

Vüsalə Əlizadə: "Həyatımda ilk sevdiyim kişi sənsən" - FOTO