Jurnalist, dia.az saytının baş redaktoru Məhəmməd Zamanov (Ərsoy) bir qrup Milli Şura tərəfdarı tərəfindən döyülüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə M.Ərsoy özü məlumat verib.

Jurnalist bildirib ki, o, bu gün axşam saatlarında iki nəfər məktəb yoldaşı ilə Nəsimi rayonunda yerləşən "Alma" kafesində nahar edirmiş: "Biz söhbət edirdik. Qonşu masada da bir qrup gənc oturub mitinq barədə danışırdı. Mitinqi tərifləyir, söyüş söyür, orda iştiraklarından danışır, mitinqə qatılmayanları təhqir eləyirdilər. Onların söhbətini eşidəndən sonra biz də mitinq barədə danışdıq. Mən də dedim ki, bunlar yaramaz adamlardılar, Azərbaycanı Suriyanın gününə salmaq istəyirlər. Onlardan biri bizim masaya yaxınlaşıb soruşdu ki, kimə yaramaz deyirəm. Mən də cavab verdim ki, öz dostlarımla söhbət edirəm, mitinqdə radikal çağırış eləyənləri, ölkədə xaos yaratmaq istəyənləri tənqid eləyirəm. Onu deyim ki, onlar məni tanıyırdılar, adımı çəkdilər çünki, amma mən onları tanımıram. Qəfildən məni vurdu, dərhal o birilər də üstümüzə töküldülər. Hardansa əlavə 4-5 nəfər də gəldi. Taxtalar, dəmirlərlə silahlanmışdılar. Bizi döydülər".

M.Ərsoy bildirib ki, dava başlayanda kafenin işçiləri qaçıblar: "Bunlar da töküldü üstümüzə. Daha sonra mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum. Polislər gəlib bizi 1 saylı Klinik Mərkəzə gətirdilər".

Jurnalistin sözlərinə görə, hadisə nəticəsində o, ayağından sınıq xəsarətləri alıb, məktəb yoldaşı isə başından ciddi zədələr alıb: "Həkimlər rentgen elədilər. Ayaq sümüyümdə sınıq var. Əməliyyat olunmalıyam".

Faktla bağlı Nəsimi rayon 20-ci polis bölməsi araşdırma aparır.

Faktı 20-ci polis bölməsi APA-ya təsdiqləyib. Bölmədən bildirilib ki, hazırda həmin faktla bağlı təhqiqat aparılır. Tədqiqatçı Anar Zeynalovdur.