Lənkəran rayonunun Ləj kəndinə təbii qazın verilməsi münasibətlə açılış mərasimi keçirilib.

Mərasimdə Lənkəran ŞİH başçısının Ləj inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov, kənd ağsaqqallarından Hacı Ələkbər Əliyev, Hacı Nizam Cəfərov, Milli Elmlər Akademiyasının doktorantı, kəndin axundu kərbəlayi Samit Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova, "Azəriqaz İstehsalat Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Rəfail Novruzov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Ləj kəndinin sakinlərini təbrik edib, onlara ən səmimi və xoş arzularını çatdırıb.

Son 13 ildə ölkəmizdə, o cümlədən Lənkəran rayonunda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərindən söz açan İcra başçısı bildirdi ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda yeni infrastruktur, sosial layihələr həyata keçirilir, yeni iş yerləri açılır. Torpaqlardan səmərəli istifadə etməyin, ərzaq bolluğu yaratmağın vacibliyini vurğulayan Taleh Qaraşov çıxışının sonunda sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi, referendum ilə əlaqədar hamını fəal olmağa, bir nəfər kimi seçki məntəqələrinə gedərək səsvermədə iştirak etməyə çağırıb.

Sonda rəmzi məşəl alovlandırılıb.

Ləj kəndində 349 abonentin mənzilinə 18 min 500 p/metr qaz xətti çəkilib, 349 ədəd qaztənzimləyici şkaf quraşdırılıb. Beləliklə, bu günədək Lənkəran rayonunun 64 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Bu da ümumi abonentlərin 91 faizini təşkil edir.

Lənkəranın Ləj kəndinə təbii qaz verilib