Bu gün BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ölüm hökmü və onun qurbanlarına həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, müzakirələrin moderatoru BMT Baş katibinin insan haqları üzrə köməkçisi İvan Şimonoviç olub.

O bildirib ki, hazırda dünyada ölüm hökmünə olan münasibəti çətin ki, birmənalı adlandırmaq olar:

"Bəşər tarixində heç vaxt ölüm hökmünün bu qədər ölkə tərəfindən ləğv edildiyi hal olmayıb. Digər tərəfdən, əgər biz 2014 və 2015-ci illərin göstəricilərini müqayisə etsək, o zaman qeydə alınan edamların sayının əhəmiyyətli dərəcədə artdığını görərik. Yəni qarışıq tendesiyalardan danışmaq olar".

BMT-nin məlumatına görə, dünyada təqribən 170 ölkə var ki, ya ölüm kökmünü ləğv edib, ya da heç zaman onu tətbiq etməyib. Bununla yanaşı, bütün ölüm hökmlərinin 89 faizi üç ölkədə - İran, Pakistan və Səudiyyə Ərəbistanında həyata keçirilir.