Bərdə rayonunda maskalı şəxslər evə basqın edib, evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları aparıblar.
Unikal.org APA-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə Bərdə rayonunun Soğanverdilər kəndində qeydə alınıb. 
Kənd sakini Bayramov Vəkil Əsgər oğlunun evində girən 3 nəfər maskalı şəxs ev sahibini döyüb əl-qolunu bağladıqdan sonra evdə olan pul, qızıl-zinət əşyalarını aparıblar.
Xəsarətlə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən V. Bayramov APA-ya açıqlamasında deyib ki, gecə iki yaşlı nəvəsinin ağlamaq səsinə oyanıb. Ayağa qalxanda ev sahibi arxadan vurulduğunu və bu zaman evində 3 maskalı şəxs gördüyünü deyib: "Onlara dedim ki, pul istəyirsinizsə, pencəyimin cibində iki min manat var, götürün, bizi öldürməyin. Amma onlar bununla kifayətlənmədilər. Qızılların yerini soruşdular. Dedim ki, oğlumla gəlinim Bakıya gedib, qızıllar onlardadır. Bu zaman onlar mənim və həyat yoldaşımın əlimizi bağlayıb, evi axtarmağa başladılar. Evdə olan əlavə pulu və qızılları götürüb getdilər".
V.Bayramovun hadisə baş verəndə Bakıda olan oğlu Şahmurad Bayramov isə bildirib ki, evdən ona məxsus 4 min manat və ailəyə məxsus olan 10 min manat dəyərində qızıl-zinət əşyaları aparılıb. 
Bərdə rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, evə basqın edən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.