Azərbaycanın klassik estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti Teymur Əmrahın doğum günüdür.

Unikal.org xəbər verir ki, Teymur Həşim oğlu Əmrahov 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarembovun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Qafarova olmuşlar. 1985-ci ildə Ümumittifaq Estrada müsabiqəsində laureat olub.1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli opera müğənnisi Firudin Mehdiyevdən, aktyor sənətindən görkəmli teatr və kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb.

1994-cü ildə Heydər Əliyev adına Sarayda Solo konsert keçirib. 2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib. Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir. 20 il Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərmişdir.

Hal-hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir.

Teymur Əmrahın iki tələbəsi - Prezident Mükafatçısı Amil Həsənov, Xalq artisti Samir Cəfərov "Qızıl kitab"a düşüblər. Digər tanınmış tələbələrindən Ayaz Qasımov, Zamiq Hüseynov, Elton Hüseynov, Vüsal Hacıyev, Samir Piriyev, Sima Qasımova, Elvin Abdullayev, Xalq ulduzu müsabiqəsinin qalibi Tural Salmanov, Mirkamil Kamilov, İradə İbrahimova, Əli Əliyev, Əməkdar artist Sevinc Sarıyeva.
 
14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülmüşdür.