Sabah Topaz Premyer Liqasında II dövrəyə start veriləcək. 

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra bərpa olunan çempionatın VIII turunun qarşılaşmaları Bakıda baş tutacaq və iki gün ərzində keçiriləcək.

İlk oyun günündə liderlər qrupunda yer alanlar münasibətlərini aydınlaşdıracaq. 12 günlük fasilədən sonra baş tutacaq tur ilk iki pillənin sahibinin dueli ilə başlayacaq. Belə ki, çempionatın 
məğlubedilməzləri "İnterlə "Qəbələ paytaxtda üz-üzə gələcək. Mövsümdə qol buraxmayan əyalət klubu 5 oyunluq qələbə seriyasını ən yaxın izləyicisi ilə matçda da davam etdirməyə iddialıdı. 5 turdu meydanı qolsuz tərk etməyən "bankirlər isə Dmitri Bezotosnının quru seriyasını qırmaq niyyətiundədi. Zaur Svanadzenin yetirmələri liderlə xal fərqini azaltmaq üçün qalib gəlməlidi. "İnter ən azı 1 xal qazanmalıdı ki, mövqeyini itirmək təhlükəsi qalmasın.
Roman Qriqorçukun komandasının qələbə seriyasını davam etdirməsi, "Qarabağ üçün 2-ci pilləni ələ keçirmək imkanı yaradacaq. Son iki matçında qalib gələ bilməməklə liderdən uzaq düşən Ağdam klubu uğursuz seriyanı "Sumqayıtla ev qarşılaşmasında qırmaq əzmindədi. "İnterin uduzacağı halda, qələbəylə 2-ci pilləni ələ keçirə biləcək Qurban Qurbanovun yetirmələri mövsümdə ilk dəfə "Azərsun Arenaya çıxacaq. İki oyundu uduzmayan "Sumqayıt isə 4-cü pilləni qorumaq, ağdamlılara yaxınlaşmaq üçün I dövrədəki qələbənin revanşını almalıdı. Əks-halda isə ertəsi gün meydana çıxacaq komandalar Samir Abasovun yetirmələrini mövqeyindən sıxışdıra bilər. Çünki hazırda 4-cü pillənin 4 iddiaçısı var ki, turdan sonra onların hər biri bu yerə yüksəlmək imkanına malikdi.
Turun ikinci günündə turnir cədvəlinin ikinci yarısında qərarlaşan 4 komanda meydana çıxacaq. Öncə AZAL-la "Kəpəz qarşılaşacaq. 4-cü pilləyə iddialı olan qərblilər 3 matçlıq qələbəsizliyə səfərdə son qoymaq üçün Bakıya iddialı gəlib. Şahin Diniyevin yetirmələri "Sumqayıtın büdrəyəcəyi halda, irəliləmək imkanına da malikdi. Sonuncu pillənin sahibi olan "təyyarəçilər isə ilk qələbənin intizarındadı. 11 matçdı qalib gəlməyən Tərlan Əhmədovun komandası digər komandalarla xal fərqini azaltmaq üçün mütləq qələbə qazanmalıdı.
Tura Zirədə yekun vurulacaq. Mövsümün iki ən böyük uğursuzu paytaxt derbisində qarşılaşacaq. Ötən mövsümün gümüş mükafatçısı 4 matçlıq qələbəsizliyi heç vaxt uduzmadığı "Neftçi ilə görüşdə son qoya bilər. Adil Şükürovun yetirmələri aşağı pillələrdən qurtulmaq üçün xal hesabını artırmalıdı. Tarixinin ən uğursuz dönəmini yaşayan, antirekordları sıralamaqdan "doymayan "ağ-qaralar "Zirə sindromunu qırmaq istəyindədi. Hadisələrin uğurlu axarında 4-cü pilləyədək irəliləmək imkanı olan Elxan Abdullayevin yetirmələri sonuncu 2-ci yerdən uzaqlaşmaq üçün mübarizə aparacaq. Komandadan üz döndərən və inamını itirən azarkeşlərini geri qaytarmaq üçün ölkənin ən titullu komandası qalib gəlməyə borcludu. Növbəti iki turda "Qarabağ və "Qəbələ ilə görüşəcək "ağ-qaralar çətin matçlar öncəsi durumunu yaxşılaşdırmasa, ilk dövrədəki vəziyyəti ilə üzləşə bilər.
Qeyd edək ki, VIII turda üz-üzə gələn komandaların ilk görüşləri məhsuldarlığın qeyri-adi dərəcədə aşağı olması ilə əlamətdar olmuşdu. II turda baş tutan həmin 4 qarşılaşmada cəmi 3 top qeydə alınmışdı.
Topaz Premyer Liqası
VIII tur
15 oktyabr (şənbə)
16:00. "İnter - "Qəbələ
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
"İnter Arena
I dövrədəki oyun - 0:0
18:30. "Qarabağ - "Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Murad Məmmədov
"Azərsun Arena
I dövrədəki oyun - 2:0
16 oktyabr (bazar)
16:00. AZAL - "Kəpəz
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Şaiq Həmidov
"AZAL Arena
I dövrədəki oyun - 0:0
18:30. "Zirə - "Neftçi
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadion
I dövrədəki oyun - 1:0

1. Qəbələ        7 6 1 0 19-0 19

2. İnter           7 4 3 0 12-7 15

3. Qarabağ    7 4 1 2 15-5 13

4. Sumqayıt  7 2 2 3 6-9 8

5. Kəpəz       7 1 4 2 6-8 7

6. Zirə           7 2 1 4 5-9 7

7. Neftçi       7 2 0 5 6-16 6

8. AZAL      7 0 2 5 3-18 2

Bombardir: Baqali Dabo ("Qəbələ) - 7.