Nəsib Nurun aparıcısı olduğu "Nəsib olsa" verilişinin bu dəfəki qonaqları Türkiyədə də tanınan məşhur müğənnimiz Azəri Günel, qardaşı, müğənni- bəstəkar Tunar Rəhmanoğlu və əməkdar artist Elnarə Abdullayeva olub. 

Unikal.org bildirir ki, canlı ifalar və səmimi açıqlamalarla bol olan verilişdə maraqlı sürprizlər də olub. Yaxın keçmişdə Heydər Əliyev sarayında konsert verən Elnarə Abdullayeva təəssüratlarını tamaşaçılarla bölüşüb: 

"İki ildir ki, ölkənin əsas səhnəsi sayılan Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edirəm. Deyə bilərəm ki, ondan şərəfli, şan-şöhrətli ikinci saray yoxdur. Elə bil muğamın mərkəzi ancaq oradır. Nə qədər yerlərdə konsert versəm də, özümü Heydər Əliyev Sarayında tapa bilirəm. Bütün xalqımdan çox razıyam. 2014-cü və 2015-ci ildə konsert vermişəm. 2014-cü ildə bir gün olmalı idi. Lakin tamaşaçıların istəyi ilə iki gün oldu. İnanın, bunu gözləmirdim. 2015-ci ildəki konsertim də iki gün olmalı idı, vaxtı bir gün də uzadılaraq, üç gün keçirildi. Konsertin üçüncü günündə söhbətləşən zaman dedim ki, tamaşaçılar proqramın bir gün də uzadılmasını istəyir. Qızım gülərək, mənə dedi ki, "Ay mama sən "Bu Şəhərdə"sən?". 

Verilişin digər qonağı Azəri Günel keçdiyi sənət yolunun ilk addımlarından söz açıb. Sən demə, o, İbrahim Tatlısesin Azərbaycandakı konsertinə özü üçün yox, qardaşı Tunar Rəhmanoğlu üçün gedib: 

"Mən konsertə gedəndə heç özüm düşünmürdüm. Fikirləşirdim gedib deyəcəyəm ki, mənim qardaşım var, oxumaq istəyir. İ.Tatlısesin şəkili Ağdamda yaşayandan bizdə var idi. Ailəmiz İbrahimi çox sevir. Həmin şəkil hər zaman xalçadan asılı idi. Və o zaman İbrahim abinin Bakıda konserti oldu və biz də qərar verdik ki, mütləq getməliyik. Heç olmasa şəkili imzaladaq, bizə xatirə qalsın. Konsertdəki yüzlərlə insanın içindən İbrahimin məni seçməsi yəqin ki, alın yazısı idi. O qədər insanların arasından keçərək səhnəyə yaxınlaşdım və İbrahimə dedim ki, "İbo oxumaq istəyirəm". Hələ səhnəyə çıxmamışdan öncə söylədim "Sibel Canın Padişah"ını oxuyacam. İbrahim bəyə, daha öncə 10 nəfər insan səhnəyə çıxmaq üçün müraciət etmişdi. Lakin o, heç kəsi qəbul etməmişdi. Və İbrahim bəy məni səhnəyə çıxardı, mahnı oxudum. Düz 1 saat İbrahim bəyin konsertini işğal elədik. Və sonunda bu yerlərdəyəm. Bunun adı qismətdir". 

Proqramın irəliləyən dəqiqələrdə Azəri Günelin 18 illik keçdiyi sənət yolu, arxivi ekranlarda göstərilib. Ağlamamağa çalışan Günel, keçirdiyi hisləri bu sözlərlə ifadə etdi: 

"Ağlamamaq üçün özümü güclə saxlayıram. Bu gün kövrək olmağımı istəmirəm. Hər zaman üzümüzdən gülüş əskik olmasın". 

Proqramın ən maraqlı anlarından biri isə Günelin nişanlısı Cem Ozan Torunların Günelə adının baş hərfində böyük gül çələngi və sahibi olduğu restoranın pizzalarından göndərməsi olub. Nişanlısının gül çələnginin üzərində göndərdiyi notda "Gönlümün tek sahibine" sözləri Nəsibin diqqətini çəkib. Günel üçün hazırlanan daha bir hədiyyə isə nişanlısı ilə onun adlarının baş hərflərini əks etdirən böyük ölçülü üzük oldu. (primetime.az)