Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmişMilli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Unikal.org report-a istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarovun vəkili Şahin Rəfiyev vəsatət verib.

O, cinayət işinə xitam verilməsini və müvəkkilinin saxlanıldığı təcridxanada görüşə icazə verilməsini istəyib.

Jurnalistlərə açıqlama verən vəkil Ş.Rəfiyev bildirib ki, vəsatət baxılmamış saxlanılıb.

Onun sözlərinə görə, ötən iclasda ifadə verən zərərçəkmiş Şahmar Qurbanov vəkillərin suallarını cavablandırıb: "Zərərçəkmiş guya Akif Çovdarova 500 min dollar, 2 ədəd 4 karatlıq və 1 ədəd isə 5 karatlıq briliyant verdiyini bildirdi. Lakin o, həmin pul və briliyantları harada verdiyini xatırlamadığını söylədi".

Vəkil qeyd edib ki, A.Çovdarov iki həkim nəzarətində məhkəməyə gətirilib: "Akif Çovdarov nəfəs almaqda çətinlik çəkdiyi üçün prosesdə fasilə elan olunub".

Daha sonra zərərçəkmiş Ş.Qurbanov jurnalistlərə açıqlama verib. O, bir ay bundan qabaq nə yediyini yadından çıxardığını bildirib: "Hadisənin üzərindən çox vaxt keçdiyi üçün onu necə xatırlayım? Mən 9 ədəd 1 karatlıq, 1 ədəd də 3 karatlığı Akif Çovdarova gətirmişəm. 2 ədəd 4 karatlıq və 1 ədəd 5 karatlığı gətirəndə Akif Çovdarov dedi ki, bunlar da Eldar Mahmudova çatacaq. Ümumilikdə ona 300 min dollar dəyərində briliyant və 500 min dollar pul vermişəm. Həmin zərərin də ödənilməsini istəyirəm".