"2003-cü ildə ailə həyatı qurmuşam. 2005-ci ildə böyük oğlum dünyaya gəlib. Bu 12 illik ailə həyatımda yoldaşımla aramızda sadəcə içkiyə görə problem olub. O, içən, öz həyatını yaşayan insan idi. İçkiylə yanaşı çəkir, həm də, digər pis işlərlə məşğul olurdu. Son vaxtlar isə o dərəcəyə gəlmişdi ki, ailəsinə heç baxmırdı. Hətta aclıqdan bir körpəm də həlak oldu.

Unikal.org xəbər verir ki, bu fikirləri a24.az "Təmiz Dünya İctimai Birliyinin yataqxanasına yerləşdirən Aytəkin Məmmədova (ad və soyad şərtidir) səsləndirib. Onun sözlərinə görə, ərinin bir müddət sonra yenidən əvvəlki vəziyyətinə qayıdacağını düşünüb.

"Övladımı dünyaya gətirdim amma 4 ayı tamam olmasına 3 gün qalmış aclıqdan dünyasını dəyişdi. Çünki uşaq çox yeyirdi və mən yemək ala bilmirdim. Hərdən elə olurdu ki, ərim məni söyür, təhqir edir, döyürdü. Bildirirdi ki, ala bilmir. Çünki işləmək istəmirdi. Bütün gün içir, yeyir, yatırdı. Onun üçün fərqi yox idi. Haradan olur-olsun onun qabağına yemək gəlməli və o, yeyib yatmalı idi.

Aytəkin Məmmədova daha sonra həyat yoldaşı ilə tanışlığı barədə danışıb. Bildirib ki, əmisigilə qonaq getdiyi zaman əri onu aldadaraq qaçırıb.

Müxbirimizin, "əriniz içkiyə pulu haradan tapırdı? sualını isə qadın belə cavablandırıb:

"Hər dəfə deyirdi ki, qardaşlar sağ olsun. Elə olurdu ki, məndən, axşama onunçün "pivə pulu tapmağımı istəyirdi. Həmin pulu tapıb verməsəydim, mənim üçün çox pis olardı. Pulu aldıqdan sonra gedib, içib, geri qayıdırdı. Bizim evimiz var idi. Ərim qəzaya düşdüyü üçün həmin evi satıb, Sumqayıtda, yataqxanada 1 otaqlı ev aldıq. Həmin otaqda 7 nəfər yaşayırdıq və ərim yenə işləmirdi. Mən isə məcbur qaldığım üçün butulka yuyur, təmizliklə məşğul olurdum. Hətta 1 manat qarşılığında təmizliklə məşğul olurdum. Həmin pula isə ərimə siqaret alıb gətirir, bir neçə gün işləyib onun borclarını ödəyirdim.

Həyatı məşəqqətlərlə keçən qadın dedi ki, bir müddətdən sonra əri ona hətta iftira atmağa başlayıb.

"Mənə deyirdi ki, harada işləyirsənsə, həmin yerlərin müdirləri səni "saxlayır. Mənə belə bir ləkə yaxdı, çox pis vəziyyətdə döydü və hətta başımı da qırxdı. Mən bu sığınacağa gələndə başım keçəl idi. Son 1 ay yarımda mənim başıma tük çıxıb. Mən ona etiraz edə bilmirdim. Çünki boyu çox uca- 1.95 sm idi. Mənə o qədər zərbələr endirirdi ki, gözüm görmürdü. Onun əlindən qaçmaq mümkün deyildi. Dəmir qapını bağlayaraq mənə işkəncələr verirdi. Əgər həmin vaxt qonşu gəlməsəydi, elə orada öləcəkdim. Özümü travmatologiyaya zorla çatdırdım. Həkimlər məni görüb məəttəl qaldılar, 4 gün reanimasiyada qaldım. O qədər döymüşdü ki, ağzım açılımırdı, suyu zorla içirirdilər.

A. Məmmədova bildirdi ki, əri onu xəstəxanada da rahat buraxmayıb. Onun sözlərinə görə, hədə-qorxu ilə xəstəxanadan məcburi şəkildə çıxarıb.

"Mənə zorla izahat yazdırdı. Evə gələn kimi həmin hadisələr yenə başladı. Yenə yumruq, təpik, sillə-¦ Mənimlə, pişik siçanla oynayan kimi, oynayırdı. Deyirdi ki, sən mənim həyatıma qarışa bilməzsən. Uşaqlarımız hətta gecə yuxusuna belə həsrət idilər. İstənilən zaman qapını təpiklə açıb, içəriyə daxil olurdu. Sanki vəhşi bir heyvan idi. Polislərə nə qədər şikayət etmək olar?. Deyirdi ki, get hara istəyirsən şikayət elə!. Mənə deyirdi ki, polislərin qucağında oturmusan, işverənlik edirsən. Sonda, məni ölümcül vəziyyətdə bu sığınacağa gətirdilər. Hamilə olduğum zaman da məni bir dəfə döydü, mən də, uşağımı saldım. Onu rəsmi nikaha da cəlb edə bilmirdim. Mənə hər zaman deyirdi ki, sən də qadınsanmı?. Mən yalnız bu sığınacağa gəldikdən sonra insanlığın nə olduğunuhiss etməyə başlamışam.