Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gün keçirəcəyi valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək. 

Unikal.org xəbər verir ki, "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bugünkü hərrac saat 12:00-da başlayacaq və 12:45-də tamamlanacaq. Ümumilikdə satışa 75 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılacaq. Satış isə "ən yaxşı məzənnə təklifi verən bank" prinsipi əsasında aparılaraq sifarişlərin tədricən (azalan xətt üzrə) reallaşdırılması nəzərdə tutulur.

Həmçinin, yeni qaydalara əsasən, bundan sonra AMB hərraca çıxarılan valyutanın həcmini öncədən bəyan edəcək. Gələn həftədən isə hərracların I, III və V günləri keçirilməsi qərara alınıb.

Bununla yanaşı bildirilir ki, kommersiya bankları üçün bugündən etibarən alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja ləğv edilir.

Qeyd edək ki, ABŞ dollarının bu günə olan rəsmi məzənnəsi 1,7742 AZN/USD təşkil edir.

İqtisadçı ekspert Vüqar Bayramov unikal.org-a bildirib ki, Mərkəzi Bank artıq 4 faizlik marjı ləğv edib və bu qərarın nə zaman qüvvəyə minməsi ilə bağlı banklara ayrıca rəsmi məktub göndəriləcək: "Bu baş verəcəyi halda Azərbaycanda liberal üzən məzənnəyə keçiləcək. Amma Mərkəzi Bank bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq. Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunması güman edilirdi. Amma belə görsənir ki, bu daha tez baş verə bilər. Amma Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil. Təəssüf ki, ötən 2 il yarım müddətdə milli valyutamız liberal məzənnə rejiminə hazırlaşdırılmadı. Liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə o zaman dolların yenidən bahalaşmasını müşahidə edəcəyik.