Azərbaycanı Avropadan təcrid etmək planını kim qurub?

Milli QHT-lər narahatlıq içindədirlər. Onlar bir qrup "həmkarları" tərəfindən yanvarın 16-da Avropa Şurasının Parlament Assambleyasına ünvanlanmış müraciətin əsassızlığını isbatlamaq üçün çaba göstərirlər. 16 yanvar müraciətinə imza atanlar AŞPA-nın yaxın günlərdə keçiriləcək qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasını tələb ediblər. Milli QHT-lər isə buna cavab olaraq yanvar 19-da AŞ PA prezidenti Pedro Aqramunta müraciət ünvanlayaraq, bu tələbin əsasında hər hansı bir zərurətin dayanmadığını, qəbul edilərsə, ziyanlı olacağını isbatlamağa çalışıblar.

Zahirən elə təəssürat yaranır ki, Azərbaycan vətəndaş cəmiyyəti institutları iki cəbhəyə bölünüblər: bir qrup Azərbaycan nümayəndə heyətinin AŞPA-da səlahiyyətlərinin dondurulmasına, ikinci qrup isə bunun baş verməməsinə çalışır. Yanlış təəssüratdır. Çünki 16 yanvar müraciətinə imza atanlar özlərini rəsmən "Azərbaycan vətəndaş cəmiyyəti instututları" kimi təqdim etsələr də, reallıqda onların milli QHT-lər siyahısına aid olmadığı faktı ortadadır. Bu yöndə ilk şübhə oradan yaranıb ki, imza sahiblərinin adları qapalı saxlanılıb. Təqdimatda 58 nəfər barəsində söhbət getsə də, kimsə ortaya çıxıb müraciətə imza atdığını bəyan etmək, yaxud bu hərəkətinin hansı zərurətdən doğduğunu açıqlamaq istəmir. KİV-lərin apardığı araşdırma nəticəsində adları ortaya çıxan bəzi "imza müəllifləri" isə bundan xəbərsiz olduqları barədə bəyanat yayıblar. Məsələn, "Hüquqi Yardım" İctimai Birliyinin sədri İlqar Qasımov rəsmən bəyan edib ki, 16 yanvar müraciətdə əks olunan fikirləri qətiyyən bölüşmür. Əlavə edib ki, "16 yanvar müraciətinə imza atmadığı halda adınının imza sahibləri sırasına necə düşməsi, bu saxtakarlığı edənlərin nə məqsəd güdmələri ona məlum deyil".

Problemin kökü də, məhz budur. AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasını tələb etmək məqsədilə hazırlanmış müraciətin altında qoyulan bəzi imzalardan real imza sahiblərinin xəbərləri yoxdur. Digər imza sahibləri isə, Azərbaycan vətəndaş cəmiyyəti institutlarının, milli QHT-lərin təmsilçiləri deyillər. Ad-soyadlarının Azərbaycan dilində olmasına baxmayaraq, əksəriyyəti Azərbaycan ruhunu daşımayan, xaricdə məskunlaşmış, yaşadıqları ölkələrin şərtlərinə uyğunlaşmış şəxslərdirlər. Digərləri isə "QHT təmsilçisi" adını daşımaq üçün legitim deyillər: kimsə tərəfindən seçilməyiblər, milli icmalar qarşısında öhdəlik daşımırlar.
Bu halda təbii sual yaranır: xalq misalında deyildiyi kimi, "biri dağda, biri bağda, biri ayda yerləşən" bu adamları toplayıb bir xətt ətrafında düzən, təşkilatlandıran, görmədikləri, mahiyyətini anlamadıqları müraciətə imza atmağa vadar edən kimdir? Təşkilatçı barədə fikirlər müxtəlifdir.

Prosesin müxalifət düşərgəsindən, xüsusən Milli Şura çevrəsindən qaynaqlanması yönündə iddialar var. İmza müəllifləri sırasında bu düşərgəyə məxsus şəxslərin də olması, bu iddialara yön verib. Əlbəttə, müxalif partiyaların çevrəsində olan "QHT-lərin" Avropa strukturlarına şikayət etmək təcrübələri var. "Kimlərinsə müxalifətçi olduğu üçün təqib edilməsi", "müxalif hərəkata demokratik standartlarla yanaşılmaması", "seçki prosesində hansısa pozuntulara yol verilməsi" kimi ittihamlar səsləndirib "bu çatışmazlıqların aradan qaldırılması üçün" Avropa strukturlarından yardım istəmək müxalif çevrə üçün xarakterik haldır. Amma 16 yanvar müraciəti bu standartları aşır. Öncə ona görə ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da, digər Avropa strukturlarında səsvermə hüququnun dondurulması müxalifət-hakimiyyət rəqabəti kontekstindən çıxır, milli dövlətə qarşı olmaq anlamı daşıyır. Digər tərəfdən, müxalifət Avropa strukturlarına şikayət etməklə təsəlli tapırsa, bu təsəlli ünvanını nədən əldən versin ki? Azərbaycanın Avropa strukturlarından çıxarılması müxalifətçilik üçün əlverişlidirmi? Nəticə çıxır ki, ya düşərgə təmsilçiləri proseslərə məntiqi yanaşmaq imkanlarını itiriblər, ya da tabe olduqları daha böyük güclərdən sifariş aldıqları üçün bu addımları atmaq məcburiyyətindədirlər.

İkinci kontekstdən çıxış etmək üçün dəlillər daha çoxdur. Son günlər Dağlıq Qarabağ ətrafında yaşanan hərbi və siyasi-diplomatik gərginlik fikirləri bu yönə istiqamətləndirir. Rusiya xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağın azad edilməsi Azərbaycanın daxili işi deyil" ifadəsi ilə gündəmi qatması, Azərbaycanın sərt reaksiyası ilə qarşılandı. Vəziyyətin neytral duruma gətirilməsi üçün Azərbaycanın Avropadan dəstək almağa çalışacağı düşüncəsi var. Belə bir məqamda Avropa strukturlarında anti-Azərbaycan kampaniyanın başlanılması təsadüfi sayıla bilməz. Digər bir tərəfdən, Azərbaycan bu il qlobal bir tədbirə - "İslam həmrəyliyi oyunları"na ev sahibliyi etməklə dünyanın diqqət mərkəzində olacaq, təbliğ ediləcək, yeni uğurlar qazanacaq. Deməli, erməni komandasının qısqanması, hücuma keçməsi üçün əsas var. Bu komanda gərgin anlarda ABŞ Konqresindən başlamış Rusiya Dövlət Dumasına qədər, Avropa ölkələrindən başlamış beynəlxalq təşkilatlara qədər geniş bir çevrədə yer tutmuş lobbi qruplarını hərəkətə gətirə bilir. Amma belə məqamlarda əsl məqsədlərini gizlətmək, prosesə demokratiya yolunda başlamış hərəkat donu geyindirmək üçün "Azərbaycan milli QHT-lərini" də işə qatırlar. Araşdırmalar göstərir ki, xaricdə və ölkə içində yerləşməklə, ermənilər tərəfə əməkdaşlığa cəlb edilmiş 30-a yaxın Azərbaycan adlı QHT var. Uzun müddət ərzində təlimatlandırılmış bu şəbəkəni Azərbaycan üçün uğurlu, yaxud gərgin anlarda işlək hala gətirmək artıq ənənəyə çevrilib. Azərbaycan xalqı öz dövlətinin hansısa uğurunun müjdəsini alanda, paralel olaraq bu uğurun hallalığına şübhə toxumu səpən kampaniyanın da xəbərini alır. 2012-ci ilin Avroviziya yarışması dönəmində, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi ərəfəsində, həmçinin Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edəndə, 2015-ci ildə Bakıda "İlk Avropa Oyunları" keçirilənədə bənzər kampaniyalara start verilib, ölkəmizin şərlənərək gözdən salınmasına cəhd edilib. Bütün bu anti-Azərbaycan kampaniyalar ayrı-ayrı dönəmlərdə həyata keçirilsələr də, onaların bir xətt ətrafında düzüldüyünü, vahid məqsədə xidmət etdiyini görməmək mümkün deyil. Ən əsası isə, bütün kampaniyaların kökündə eyni mənbənin dayandığı, bütün anti-Azərbaycan müraciətlərin altında eyni imzaların dayandığı aşkar görünür. 2017-ci il yanvarın 16-da imzalanan müraciətin müəlliflərini və onu imzalayanların adını ictimaiyyətdən gizlətməklə deyil ki! 16 yanvar müraciətinin mətninə baxan kimi aydın olur ki, bu, 2013-cü il oktyabr ayının 1-də imzalanaraq Avropa Şurasına, həmçinin digər beynəlxalq təşkilatlara göndərilən, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsinin qarşısını almağa çağırışı ehtiva edən mətnin surətidir. İmza müəllifləri də 99 faiz eyni şəxslərdir.

Müşfiq Ələsgərli