"Terrorun sayı artdıqca cəmiyyət hakimiyyətdən PKK-ya qarşı daha sərt addımlar tələb edəcək, bu gün Türkiyədə heç kim barışdan danışmır".
 
Unikal.org xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəznin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, PKK Türkiyə cəmiyyətində panikanı artırmaq üçün Novruz bayramına "xüsusi" hazırlaşır:
 
"Bu saatlarda İstanbulun düz mərkəzində, turistlərin ən çox olduğu Taksimdə - İstiklal caddəsində partlayış oldu, 2 nəfər öldü. Terrorçular indi də diqqəti İstanbulda cəbləşdiriblər. Görünür, PKK Novruz bayramına "xüsusi" hazırlaşır. Məqsədləri aydındır: Türkiyə cəmiyyətində panikanı artırmaq. Ancaq terrorun sayı artdıqca cəmiyyət hakimiyyətdən PKK-ya qarşı daha sərt addımlar tələb edəcək, bu gün Türkiyədə heç kim barışdan danışmır. Çünki bunun üçün zəmin yoxdur. Terrorun belini qırmayınca PKK-nı təmsil edənlərlə üçüncü ölkələrdə yenidən masa arxasında oturmaq mümkün görünmür. PKK necə ki, terrorla Türkiyə cəmiyyətinin gözünü qorxutmaq istəyir, Türkiyə ordusu və polisi də hakimiyyətdən aldığı təlimat əsasında PKK-ya və onlara dəstək verənlərə elə zərbələr endirməlidirlər ki, onlar bu müharibənin onlara da baha başa gələcəyini anlasınlar. Başqa alternativ görmürəm".
 
Həsən Babayev