"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qərargahdan Unikal.org-a bildirilib ki, keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu "Pirsaat qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb.

Meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən olub-olmadığı müəyyənləşdirilir. 

Onun şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.