Qar uçqununda həyatlarını itirən ailə üzvlərinin dəfn xərclərini Lerik rayon İcra Hakimiyyəti öz üzərinə götürüb.

Bu barədə Unikal.org-a Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib. 

O xatırladıb ki, ailənin 4 üzvü hadisə nəticəsində dünyasını dəyişib: "Azyaşlı uşaq uçqunun altından çıxarılıb və həyatı təhlükəsi yoxdur. Bütün hallarda müayinə olunması üçün Lerik rayon Mərkəzi Xəstəxanasına aparılıb".

H.Məlikov bildirib ki, ailənin dəfn xərclərini icra başçısı öz üzərinə götürüb: "Dəfn xərclərini icra başçısı öz üzərinə götürüb. Hələlik Bakıdan hər hansı bir göstəriş gəlməyib. Hadisə nəticəsində dünyasını dəyişmiş şəxslər yaxın saatlarda Orant kəndində dəfn olunacaqlar.

Xatırladaq ki, bu gün Lerik rayonunda qar uçqunu baş verib. Bir ailənin dörd üzvü həlak olub.