ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın şəxsi görüş haqda irəli sürdüyü təklifi rədd edib.
Unikal.org anspress-ə istinadən bildirir ki, Türkiyə prezidenti martın son günlərində baş tutacaq nüvə sammitində iştirak etmək üçün Vaşinqtona gedəcək. ABŞ prezidentinin sözçüsü iki liderin görüşündə zərurətin olmadığını bildirib.
"Ərdoğanla görüşün baş tutmamasını hörmətsizlik kimi qəbul etmək lazım deyil, çünki Barak Obama Türkiyədə keçirilən G20 sammitində Türkiyə prezidenti ilə görüşüb, fevral ayında isə liderlər arasında telefon danışığı baş tutub" - deyə Ağ Evdən bildirilib.
Bununla da Ərdoğanın Vaşinqtona səfəri çərçivəsində Barak Obama ilə görüşü baş tutmayacaq.
2015-ci ilin noyabrın 15-də Türkiyənin Antalya şəhərində baş tutan Böyük İyirmilik sammitində Barak Obama və Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra iki lider bəyanatla çıxış etmişdilər. Paris terrorundan iki gün sonra baş tutan toplantı zamanı Ərdoğan "Parisdə, Ankarada istənilən yerdə baş verən terror hadisəsi bu təhlükənin kollektiv xarakter daşıdığını və hamıya aid olduğunu sübut edir. Biz bu toplantıda terrorizmə qarşı qəti mövqeyimizi nümayiş etdirəcəyik" - deyə söyləmişdi.
Bu açıqlama Obama və Ərdoğanın terrorizmlə bağlı verdiyi birgə bəyanat kimi qiymətləndirilib.