Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə atəş zərbələri endirməsi nəticəsində yaralanan 3 erməni hərbçisindən 2-nin vəziyyəti ağır olaraq qalır.

Unikal.org-un Ermənistan mətbuatına istinadən xəbərinə görə, onların hər üçü Xankəndidəki hərbi hospitala yerləşdirilib. Başından yaralanan 48 yaşlı Robert Qasparyan və 21 yaşlı Ambarsum Arutyunyan süni tənəffüs aparatına qoşulublar. Onların səhhətində hər hansı bir irəliləyiş yoxdur. Ayağından yaralandığı bildirilən Vahe Badalyanın (1998) səhhəti isə qənaətbəxş qiymətləndirilir. Lakin onun da bir müddət hospitalda bərpa müddəti keçəcəyi qeyd olunur.

Qeyd edək ki, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.