"Bu, siyasi əxlaqsızlığın son həddidir"
"Bu, siyasi əxlaqsızlığın son həddidir"

"BMT Baş katibinin adından təqdim olunan hesabat sübuta yetirir ki, o və onu idarə edənlər nəinki ədalət hissini, hətta vicdanlarını və layaqətlərini də itiriblər".

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, BMT-nin Baş katibi Pan Gi Munun "Regional və qeyri-regional səviyyələrdə adi silahlanmalara nəzarət" adlı yeni hesabatında Azərbaycan əleyhinə yer almış qərəzli fikirlər Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq məqsədi daşıyır.
BAXCP sədrinin müavini hesab edir ki, BMT Baş katibinin imzasıyla təqdim edilən hesabat Ermənistanı himayə edən və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olmayan beynəlxalq güclərin sifarişi ilə hazırlanıb: "Biz dəfələrlə bəyan etmişik ki, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinin arxasında təkcə Rusiya dayanmır. Beynəlxalq güclərin bütün səyləri işğal altında olan Azərbaycan torpaqlarının anneksiyasına hüquqi don geyindirməyə nail olmaq üçün rəsmi Bakını təslimçi sülhə sövq etməyə yönəlib".
Elçin Mirzəbəylinin qənaətinə görə, hesabatda işğalçı "Ermənistanın regionda inam və əməkdaşlıq atmosferi formalaşdırılması üçün səy göstərməsi", işğala məruz qalan Azərbaycanı isə buna mane olması barədə yer alan fikirlər isə siyasi əxlaqsızlığın son həddidir.
BAXCP sədrinin müavini hesab edir ki, "Regional və qeyri-regional səviyyələrdə adi silahlanmalara nəzarət" adlı hesabatda ilk növbədə Ermənistanda hərbi baza saxlayan Rusiyanın Avropada Adi Silahlar haqqında Cinah Sazişində iştirakını dayandırması qeyd olunmalıydı: "Pan Gi Mun Ermənistanı işğala son qoymağa çağıran və Ermənistan rəsmilərinin dəfələrlə tüpürdükləri qətnamələri çeynəmək yerinə, rəhbərlik etdiyi qurumun nüfuzunun qayğısına qalsaydı o zaman tamamilə əks mövqedən çıxış etməliydi".
BAXCP təmsilçisi sözü gedən hesabatın təsadüfi olmadığını və son bir il ərzində Azərbaycana qarşı aparılan pressinq siyasətinin tərkib hissəsi olduğunu da deyib.