Proqnozlaşdırılan neft qiymətləri ilə (45 ABŞ dolları) 2018-ci ildə tədiyyə balansının cari əməliyyatlar hesabında profisitin olacağı gözlənilir.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Sənəddə qeyd olunub ki, idxalın əvəzlənməsi və ixracın stimullaşdırılması istiqamətində qəbul edilmiş qərarların cari əməliyyatlar hesabına müsbət təsiri növbəti ildə və ortamüddətli perspektivdə də davam edəcək: "Kapital və maliyyənin hərəkətinə isə əsasən iri enerji layihələrinin reallaşdırılması ilə bağlı kapital axınları təsir edəcək".

Bəyanatda bildirilib ki, ümumilikdə qiymətləndirmələrə əsasən, proqnozlaşdırılan tədiyyə balansı və Azərbaycan Dövlət Neft Fondunun transfertlərinin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. "Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır. Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir", - deyə bəyanatda vurğulanıb.