Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş 2 bükümdə narkovasitə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.

Onun üzərindən və həyətindəki tövlədən götürülmüş, ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 118 qram heroin olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.