"Lombard"da çalışan şəxsə qarşı quldurluq edərək 7 min manatını ələ keçirməkdə təqsirləndirilən Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və Rauf Azadov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

Unikal.org APA-ya istinadən xəbər verir ki, onların apellyasiya şikayətlərinə yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Surxay Cəfərov 9 il 4 ay, Tural Ağahüseynov 9 il, Namid Aydınov və Rauf Azadov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar apellyasiya şikayətlərində barələrində olan cəzanın azaldılmasını istəyiblər.

İttihama görə, Bakı şəhər sakini Pərvin Əliyev 102 xidmətinə məlumat verib ki, "Lombard"da çalışır və işdən evə gedən zaman naməlum şəxslər ona hücum edib, zor tətbiq etdikdən sonra cibində olan 7 min manat pulu ələ keçiriblər.

Təhlükəsiz Şəhər Xidməti və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Pərvin Əliyevin 7 min manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Saatlı rayon sakinləri - Tural Ağahüseynov, Surxay Cəfərov, Namid Aydınov və əvvəllər məhkum olunmuş Rauf Azadov tutulublar.