Bakıda keçmiş məhkumdan "Ramana qalasının yaxınlığında satmaq üçün gizlətdiyi 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov tutularaq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman 1 bükümdə çəkisi 0,818 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Həmidovda əlavə narkotik maddənin olduğu müəyyən edilib. İfadəsində saxlanılan şəxs "Ramana qalası adı ilə tanınan ərazinin yaxınlığında ona məxsus gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini polis əməkdaşlarına göstərib. Həmin ünvana baxış keçirilən zaman 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni əvvəllər tanımadığı Tehran adlı İran vətəndaşından satmaq məqsədi ilə 7000 manata aldığını bildirib. Ə.Həmidov heroinə görə əvvəlcə həmin şəxsə 1000 manat ödəyib və qalan pulu narkotik vasitəni satandan sonra verəcəyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.