2016-cı il mayın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.  Tədbirdə  AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış edib.
Unikal.org xəbər verir ki, AHİK sədri öz çıxışında bildirib ki, Azərbaycanda ölkə başçısı tərəfindən aparılan quruculuq işləri, iqtisadi islahatlar, struktur dəyişiklikləri və sosial proqramların icrası, nəzərdə tutulmuş bütün investisiya layihələrinin vaxtında həyata keçirilməsi prosesi bütövlükdə müasir texnologiyanı özündə əks etdirən, beynəlxalq standartlara cavab verən iş yerlərinin açılmasına imkan verib. 
 
BMT tərəfindən 2015-ci ilin «Beynəlxalq torpaq ili» elan edilməsi və bu qlobal çağırışlara qoşularaq Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin ölkəmizdə «Kənd təsərrüfatı ili» elan edilməsi aqrar sektora göstərilən dövlət qayğısının təzahürü olmaqla, ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yadda qalıb.
Dövlətimizin sosial-iqtisadi siyasətinin reallaşmasında tərəfdaşlarımız olan hökumətlə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə yanaşı həmkarlar ittifaqlarının da rolu az deyil. Bu sahədə sosial tərəfdaşlar olaraq səylərimizi ildən-ilə daha da artırmışıq.
S.Mehbalıyev deyib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, dünyada hər gün istehsalatda baş verən bədbəxt hadisələr və xəstələnmələr nəticəsində 5000 adam həlak olur. Hər il istehsalatda 2,0-2,3 milyon insan həyatını itirir, onlardan 300.000 nəfəri istehsalat xəsarəti nəticəsində, 1,7-2,0 milyon nəfəri isə müxtəlif xəstəliklərdən ölürlər.
 
İstehsalat zədələnməsi ilə əlaqədar respublikada yaranmış vəziyyətə nəzər salsaq görərik ki, 2015-ci il ərzində həmkarlar ittifaqının əhatə dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalat xəsarəti alanların sayı 37,7%, (114 nəfərə qarşı 71 nəfər) istehsalat xəsarəti nəticəsində həlak olanların sayı 29,8% (47 nəfərə qarşı 33 nəfər) azalıb ki, bu da respublika üzrə istehsalatda xəsarət alanların ümumi sayının 41,4% (273 nəfərə qarşı 160 nəfər), istehsalat xəsarətindən ölənlərin sayının isə 48,9% (90 nəfərə qarşı 46 nəfər) azalmasına səbəb olubdur. Bununla yanaşı biz, həmkarlar ittifaqları olaraq, yaranmış vəziyyəti araşdıraraq, heç də həmişə ürəkaçan olmayan istehsalat zədələnmələrinin dinamikasına biganə qala bilmərik. Cari ildə istehsalat zədələnməsi ilə əlaqədar vəziyyət o qədər də ürəkaçan deyil. 2016-cı ilin birinci rübünün nəticələrinə görə 2015-ci ilin analoji dövrü ilə müqayisədə həmkarlar ittifaqlarının əhatəsində olan müəssisələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 40% (5 nəfərə qarşı 7 nəfər) artıbdır.
BƏT-in hesablamalarına görə, dünya üzrə hər il istehsalat xəsarətləri nəticəsində 3 gündən artıq əmək qabiliyyətini itirən adamların sayı 270 mln nəfərə yaxındır. Bu xəsarətlərin əsas faktorlarından biri də stressdir. 
Ümumdünya Səhiyyə Təşkilatı stressi XXI əsrdə insan sağlamlığına təhlükə yaradan əsas xəstəliklər sırasına daxil edibdir.  «St. PAul Fire and Marine İnsurance Co» sığorta şirkətinin araşdırmalarına görə, stress vəziyyətləri istehsalatda bir çox təhlükəli situasiyaların və bədbəxt hadisələrin səbəbi ola bilər. ABŞ-da kadr axıcılığı, işdən yayınmalar, əmək məhsuldarlığının azalması nəticəsində əmələ gələn itkilərin 20%-i peşə nevrozları və stresslərlə əlaqədardır. Analitiklərin məlumatlarına görə, Rusiyada hər üç işçidən biri həftədə ən azı bir dəfə, işçilərin 13%-i isə praktiki olaraq hər gün stressə məruz qalır. Təsadüfi deyil ki, BƏT 2016-cı ildə Ümumdünya Əməyin mühafizəsi gününün «İş yerində stress – kollektiv çağırış» şüarı ilə keçirilməsini elan edib.
İş yerində stress bizim respublikada da qlobal problemdir.
Son 15 il ərzində təkcə məktəblərdə iş yerində yaranan stress vəziyyətləri nəticəsində aldıqları infarkt nəticəsində beş müəllim vəfat edibdir.
Bu faktlar nəzərə alınmaqla məhz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü, sosial tərəfdaşların və icra orqanlarının dəstəyi ilə 2015-ci ilin iyul ayında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən «İstehsalatda bədbəxt hadisələrin təhqiqatı və uçotu qaydaları»na istehsalatda stress situasiyaları nəticəsində baş verən infarkt, insult kimi xəstəliklərin istehsalatla əlaqələndirilməsi barədə dəyişikliklər qəbul edilib. Bu dəyişikliklərin edilməsi Azərbaycanda sosial tərəfdaşların maraqlarının Beynəlxalq Həmkarlar İttifaqı hərəkatının, Beynəlxalq Əmək Təşkilatının işçilərin  sosial müdafiəsi  sayəsində yürütdükləri siyasətə tam uyğunluğunu sübut edir.
İstehsalatda əməyin təhlükəsizliyinin əsas vəzifəsi həm müəssisə və kollektiv miqyasında, həm də fərdi olaraq hər bir işçi səviyyəsində təhlükəsizliyin və sağlamlığın təmin olunmasından ibarətdir. Stressin təbiətinin, onun insan orqanizminə təsir mexanizminin müəyyən edilməsi, habelə qarşısının alınmasını və ya fəsadlarının zəiflədilməsini təmin edən proqramların həyata keçirilməsi ilə bu vəzifənin öhdəsindən gəlmək mümkündür. 
Məruzəçi bildirib ki, Azərbaycan Həmkarlar İttifaqlarının  istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasında fəaliyyət formalarından biri də 28 aprel Ümumdünya əməyin mühafizəsi gününə həsr edilmiş aksiyalarda iştirak etməsidir.
Xüsusi olaraq işlənib hazırlanmış tematik plan-qrafiklərə əsasən təkcə ötən il ərzində sahə həmkarlar ittifaqı orqanları tərəfindən həmkarlar ittifaqı fəallarından ibarət 2653 dinləyicini əhatə edən 23 zona tədris seminarı keçirilib.

İş yerlərində stressin idarə edilməsi elementlərinin öyrənilərək təhlil edilməsi məqsədilə dinləyicilər üçün 3 bölmədən ibarət sorğu anketi hazırlamışıq. Bu bölmələr: işçinin sağlamlıq vəziyyətinə diqqətin cəmlənməsi, stress faktorları və stressin simptomlarının aradan qaldırılması üsullarını əhatə edir. 
Sorğu işçirakçılarının qarşısında qoyulan əsas vəzifə real vəziyyətdən asılı olaraq stressin təbiətini, onun işçiyə və təşkilata təsirini daha dərindən öyrənmək, həmkarlar ittifaqının müəssisə rəhbərləri ilə birlikdə hər bir işçinin və ümumilikdə əmək kollektivinin sağlamlığının, rifah halının yaxşılaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi üçün tövsiyyələr işləyərək həyata keçirilməsindən ibarətdir. 
Sadə bir aksiomdur ki, hər bir insan işə gedərkən diqqətini öz sağlamlıq durumuna cəmləndirir, həmin durumda işləyir və ailəsinə hansı vəziyyətdə dönməsini dəyərləndirir.
Respondentlərin cavablarının təhlili göstərir ki, sahə həmkarlar ittifaqı orqanları və ilk həmkarlar ittifaqı təşkilatları tərəfindən stress səviyyəsinin azaldılması, işçilərin normal əhval-ruhiyyəsinin təmin olunması üçün geniş spektrdə proqram və tədbirlər hazırlanıb həyata keçirilməsi davam etməlidir.
Eyni zamanda respondentlərin 20%-i hesab edir ki, iş yerlərində stress situasiyalarının yüksək riski mövcud olduğu halda müəssisə rəhbərləri işçilərin sağlamlığı, psixoemosional durumunun yüngülləşdirilməsi məqsədilə mütəxəssis – həkimlərin cəlb edilməsinə və ya müvafiq ştatın açılmasına meyl göstərmirlər.
Stressə məruz qalmış insanlar üçün müəssisədə xidmətlər spektrinin olmaması onların ətraf gerçəkliyə münasibətlərini dəyişdirir, onlarda əməyin təhlükəsizliyi norma və qaydalarının tələblərinə biganəlik yaradır ki, bu da nəticə etibarı ilə bədbəxt hadisələrin baş verməsinə zəmin yaradır. Bunu o fakt da təsdiq edir ki, həmkarlar ittifaqlarının əhatə dairəsində olan müəssisələrdə son illərdə ölümlə nəticələnən bədbəxt hadisələr təşkilati səbəblər fonunda baş verir. 

2015-ci ildə ölümlə nəticələnmiş istehsalatda baş verən bədbəxt hadisələrin 76,4%-i təlimat və qaydaların tələbinə riayət etməmək səbəbindən, 5,9%-i isə işlərin təhlükəsiz yerinə yetirilməsinə nəzarətin zəifliyindən, əmək intizamının aşağı səviyyədə olmasından və ehtiyatsızlıqdan  baş verib.
Müəssisələrdə əməyin mühafizəsi və təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsinin əsas məqsədi işçilərin sağlamlığının, rifah halının və əmək məhsuldarlığının həm bütün kollektiv miqyasında, həm də fərdi olaraq hər bir işçi üçün təmin edilməsindən ibarətdir. Öz üzvlərinin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan həmkarlar ittifaqları ilbəil təkmilləşən Baş Kollektiv Saziş, Tarif Sazişi, kollektiv müqavilə institutlarından geniş istifadə edirlər. 
S.Mehbalıyev qeyd edib ki, AHİK tərəfindən işlənib hazırlanmış, sosial tərəfdaşlarla razılaşdırılmış və imzalanmış 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişdə sosial yönümlü vacib aktual məsələlər, o cümlədən əməyin və sağlamlığın mühafizəsi, ekoloji təhlükəsizlik məsələləri əksini tapıbdır. 
Baş Kollektiv Sazişdə əldə edilmiş razılaşmaya əsasən əməyin təhlükəsizliyinə və sağlamlığın təmin edilməsinə dair Milli strategiyanın qəbul edilməsi, vətəndaşların tibbi sığortasının tətbiqi, əməyin mühafizəsinə dair norma və standartlara dair milli informasiya sisteminin yaralılması nəzərdə tutulubdur.
Əməyin mühafizəsinə dair normativ-hüquqi aktların işlənib hazırlanması, habelə əməyin təhlükəsizliyinə dair tələbatların gücləndirilməsi, əməyin mühafizəsi sahəsi mütəxəssislərinin hazırlanması və ixtisasının artırılması, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin itirilməsinin icbarı sığorta olunmasının təmin edilməsi üçün əmək qanunvericiliyinin təkmilləşdirilməsinin davam etdirilməsi tələb kimi irəli sürülüb. İşçilərin, o cümlədən sənaye müəssisələrində çalışanların sağlamlığının mühafizəsinə, ekoloji tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət ayrılıb.  
AHİK-in təklifi və sosial tərəfdaşların dəstəyi ilə Milli Məclis tərəfindən «Texniki təhlükəsizlik haqqında», «İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında» qanunlar qəbul edilib. Əmək Məcəlləsinə və Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib ki, bu dəyişikliklər sayəsində iş rejimi, müəssisələrdə əməyin mühafizəsi xidmətinin yaradılması üçün işçi sayı reqlamenti, zərərli iş şəraitində işləyənlərə profilaktik yemək verilməsinə xərclənən vəsaitin vergidən azad edilmə məsələlərini əhatə edən maddələr qəbul edilib və mövcud maddələr optimallaşdırılıb. İş şəraitinin temperatur reqlamentində dəyişiklik edilib, ilin isti və soyuq vaxtlarında işçilərə fasilələr verilməsi və işin dayandırılması nəzərdə tutulub.
AHİK-in tösiyyəsinə əsasən ilk həmkarlar ittifaqı komitələri tərəfindən əməyin mühafizəsi məsələlərinə ictimai nəzarətin həyata keçirilməsi üçün hər həftə ictimai əmək müvəkkillərinə iş vaxtı ərzində 2 saat əvəzinə 4 saat vaxt verilməsinə nail olmaq barədə kollektiv müqavilələrə bənd daxil edilməsi istiqamətində iş aparılır.
Azərbaycan Həmkarlar İttifaqları özünün texniki əmək müfəttişliyi vasitəsi, ictimai əmək müvəkkillərinin iştirakı ilə nəzarət profilaktika tədbirləri həyata keçirməklə iş yerlərində əmək şəraitinin yaxşılaşdırılmasına nail olurlar.
 2015-ci il ərzində onlar tərəfindən 513 müəssisə və təşkilatda yoxlamalar aparılıb, 2682 pozuntu aşkar edilib ki, onların 93,7%-nin aradan qaldırılmasına nail olunub. Nəticədə 338 adda texnoloji avadanlıq təhlükəsizlik norma və tələb aktlarına uyğunlaşdırılıb, 1411 işçinin iş şəraiti yaxşılaşdırılıb. Yoxlama ilə əhatə olunmuş müəssisə işçilərindən hər 17 nəfərdən birinin həyatına və sağlamlığına olan təhlükə aradan qaldırılıb. 
Bu və bir çox digər təşəbbüslərin həyata keçirilməsi hər bir işçidə və bütövlükdə əmək kollektivində sosial müdafiə olunma əminliyi yaradır və stress situasiyaları yaradan bir sıra faktorların aradan qaldırılmasına səbəb olur.
Bununla birlikdə sosial tərəfdaşlar olaraq biz hər bir müəssisədə və təşkilatda kollektiv müqavilələrin bağlanmasına nail olmağı vacib sayırıq.
Sahə həmkarlar ittifaqı orqanları tarif sazişləri və kollektiv müqavilələr bağlayarkən zərərli və təhlükəli iş şəraitində işləyənlərin sayının azaldılmasına, iş qrafikinə ciddi əməl edilməsinə, iş yerlərinin ixtisarının qarşısının alınmasına, işçilərin yaşayış minimumunun orta əmək haqqı səviyyəsinə qaldırılmasına dair müddəaların daxil edilməsi istiqamətində işləri davam etdirməlidirlər.
Aztəminatlı ailələrə, xüsusən də ailə başçısı pensiyaya çıxan ailələrə maddi dəstək verilməsinə xüsusi diqqət yetirilməlidir.
Xəstəliklərin profilaktikası və stress situasiyalarının azaldılması məqsədilə tarif sazişlərində və kollektiv müqavilələrdə psixoloji gərginliyin azaldılması, otaqlarının açılması, stresslə mübarizə məsələlərinə həsr edilmiş treninq və seminarların keçirilməsinin daha geniş tətbiq edilməsi nəzərdə tutulmalıdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Həmkarlar İttifaqı hərəkatının, Beynəlxalq Əmək Təşkilatının ənənələrini davam etdirərək əməyin mühafizəsi mədəniyyətinin formalaşması və inkişafına diqqəti cəmləşdirərək təşkilati və praktiki tədbirlər keçirməklə əməyin mühafizəsi məsələlərinin daha geniş miqyasda həll edilməsi məqsədi ilə təkcə həmkarlar ittifaqı fəallarını, mütəxəssisləri və ictimaiyyəti cəlb etməklə kifayətlənmir, işəgötürənləri layiqli sağlam və təhlükəsiz iş şəraiti yaratmağa stimullaşdırır.
 AHİK sədri deyib ki, son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra tematik baxışlar və müsabiqələr keçirilib.  2009-cu ildən başlayaraq hər il «Sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqda ilin ən yaxşı müəssisəsi və təşkilatı» adı uğrunda müsabiqə keçirilir.
Müsabiqə elan olunduğu gündən bəri 251 müəssisə və təşkilat işçilərin əmək şəraitinin yaxşılaşdırılmasında əla nailiyyətlər əldə edərək qalib elan olunub, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Bu işdə 2015-ci il müsabiqəsi müəyyən yer tutur.
AHİK sədri tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, keçirdiyimiz bütün müsabiqələrdə ümumilikdə 7 il ərzində 7368 müəssisə iştirak edib, onlardan 251 qalib hesab ediliblər. Bu o deməkdir ki, 7368 müəssisənin işəgötürənləri müsabiqədə iştirak etmək üçün təşəbbüs və fəallıq göstərib, müvafiq tədbirlər həyata keçirib, müəssisələrində işçilərə sağlam və təhlükəsiz iş şəraiti yaratmağa çalışıblar. Mən məmnuniyyətlə qeyd etməliyəm ki, həqiqətən də xeyli müsbət nəticələr əldə edilib. Amma bunların arasından 251 müəssisə qalib elan edilibsə, deməli həmin müəssisələr bizim müsabiqənin tələblərinə, standartlara cavab verə biləcək bir səviyyəyə çatıblar. Hesab edirəm ki, bu işin davam etdirilməsi həm bizim, həm də işəgötürənlərin xeyrinə olacaqdır. Nəticədə isə işçilərimiz sağlam və təhlükəsiz iş şəraiti ilə təmin olunacaqlar.
Keçən il keçirilən «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə əlaqədar respublika müsabiqəsinin 2015-ci ilin yekunlarının nəticəsinə görə AHİK-in müsabiqə komissiyası 155-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və sahə həmkarlar ittifaqını təmsil edən 42 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.
2015-ci ildə 15029 işçini, o cümlədən 3628 qadın işçini əhatə edən müəssisə və təşkilatlarda həmkarlar ittifaqları komitələri, əməyin mühafizəsi üzrə komissiyaları və müvəkkilləri nəzarət-profilaktika  işini yüksək səviyyədə təşkil edib, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində 489 yoxlama həyata keçiriblər. Müəssisələrin 22-də bütün işçilər zərərli iş şəraitindən kənarlaşdırılıb, 20 müəssisədə isə belə şəraitdə işləyənlərin sayı orta hesabla 37,3 faiz azalıbdır. Gördüyünüz kimi, müəyyən müsbət nəticələr əldə olunub və ümidvaram ki, işçilərə normal iş şəraitinin yaradılması üzrə işlər AHİK, onun üzv təşkilatları və işəgötürənlər tərəfindən bundan sonra da davam etdiriləcəkdir.
 Çıxışının sonunda S.Mehbalıyev «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları adından və şəxsən öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycandakı Milli Əlaqələndiricisi Yaşar Həmzəyev və digərləri çıxış ediblər.
Mərasimin sonunda "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilibdir.