25 Avqust 2019
24 Avqust 2019
Azərbaycanda “aliment böhranı”
Azərbaycanda “aliment böhranı” REPORTAJ 11:21 2012-08-23

Azərbaycanda “aliment böhranı”
Azərbaycanda “aliment böhranı”

Boşanmaların sayı ilbəil artır, alimentlərin ödənilməsi isə mümkünsüzə çevrilir

Azərbaycanda uzun illərdir mövcud olan ailə institutunun yavaş-yavaş dağılması ilə bağlı tez-tez fikirlər səsləndirilir. Əvvəllər çox az hallarda rast gəlinən boşanmalar son illər artmaqda davam edir. Bir çox halda gənclər evlilikdən sonra real həyatın xəyallar aləmindəki qədər gözəl və şirin röya olmadığını görür və rastlaşdıqları problemlərdən çıxış yolunu boşanmaqda görürlər.

Göygöl rayon sakini Aslanova Kifayət Eyyub qızı da eyni taleyi yaşayıb. K.Aslanovanın sözlərinə görə, 1997-ci ildə Xanlar rayon sakini Rüstəmov Rafiq Fəxrəddin oğlu ilə ailə qurub. “Bir-birimizi istəyərək evləndiyimizdən öncə nikahımızı rəsmiləşdirməmişdik. Nikahımızı 2000-ci ildə rəsmiləşdirdik. Birgə nikahdan Aytac və Rəqsanə adlı övladlarımız dünyaya gəldi. Amma sonradan aramızda problemlər yaranmağa başladı. Bundan sonra məni uşaqlarımla birlikdə mənzildən çıxardılar. Mən hüquqlarımın bərpası üçün məhkəməyə üz tutdum. Amma hüququ pozulan ana və övladlarının haqqını məhkəmə qərarları da bərpa edə bilmədi. 7 ildən artıqdır dövlət adından verilən məhkəmə qərarının icrasına nail ola bilmirəm” - deyə Göygöl rayon sakini K.Aslanova bildirir.
Rəsmi nikahları pozulduqdan sonra Xanlar rayon Məhkəməsinin 30 iyun 2003-cü il tarixli qətnaməsi ilə R.Rüstəmov hər ay uşaqların saxlanılması üçün 100 000 manat (20 AZN) aliment ödəməlidir. Amma o, bu məbləği ödəməkdən imtina edir. Xanlar Rayon Məhkəməsinə müraciət edən K.Aslanovanın əvvəllər yaşadığı mənzilə köçürülməsi barədə qərar verilir. Məhkəmənin 25 noyabr 2004-cü ildə verdiyi qərar əsasında K.Aslanova həmin mənzilə köçürülsə də, qısa müddət sonra R.Rüstəmov onları incidərək təkrar mənzildən çıxarır. Alimentlə bağlı məhkəmənin qətnaməsi 3 il icra edilmədiyini görən qadın 10 mart 2006-cı ildə yenidən məhkəməyə müraciət edir. Xanlar Rayon Məhkəməsinin 10 aprel 2006-cı il tarixli hökmü ilə alimenti qərəzli şəkildə ödəməyən R.Rüstəmov Cinayət Məcəlləsinin 176.1-ci (Əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 4 ay müddətinə azadlıqdan məhrum edilir. Həmçinin şərti maliyyə vahidinin 100 misli məbləğində cərimələnir. Cavabdeh cəzasını çəkib qurtardıqdan sonra ona yenidən alimentin ödənilməsi barədə bir neçə dəfə təklif və xəbərdarlıq edilir.
K.Aslanova isə alimentin miqdarının artırılması barədə məhkəməyə müraciət edir və Göygöl Rayon Məhkəməsinin 5 dekabr 2008-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı 40 manat müəyyən edilir. Amma yenə də R.Rüstəmov heç yerdə işləmədiyini, aylıq gəliri olmadığını əsas gətirərək alimenti ödəməkdən imtina edir. Alimentin onun əmlak və ya gəlirləri hesabına ödənilməsi üçün görülən tədbirlər də nəticə vermir. Bundan sonra R.Rüstəmovun yenidən cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat verilir və iş baxılması üçün Göygöl Rayon Prokurorluğuna göndərilir.
Alimenti ödəməməsinin səbəblərinə aydınlıq gətirən R.Rüstəmov isə işləmədiyini, adına heç bir əmlakın olmadığını bildirir: “Alimenti ödəyə bilmirəm. İş yerim, gəlirim yoxdur. Yenə də həbs etsinlər. Yenə də eyni vəziyyət olacaq”.
Boşanmalardan sonra
əsas problem
alimentlə bağlı olur

Azərbaycanda boşanmaların sayı ildən-ilə artdığı üçün sosial problemə çevrilən boşanmalar nəticəsində K.Aslanova və övladları ilə eyni taleyi yaşayan şəxslərin sayı yüzlərlədir. Dövlət Statistika Komitəsindən “Azadinform”a verilən məlumata görə, təkcə 2011-ci ildə 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1-dən 1,2-yə qədər artıb. Bu ilin I rübündə isə boşananlar 2600 nəfər olub (ötən ilin I rübündə bu rəqəm 2400 olub). Boşanmalardan sonra isə əsas problem ödənilməli olan alimentlə bağlı olur. Bunun nəticəsində yüzlərlə məhkəmə qərarı icra edilməmiş qalır. Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları baş idarəsindən də hər il icrada olan işlərin təxminən 17-20 faizinin alimentin tutulması ilə bağlı olduğunu bildirdilər.
Halbuki Avropa Məhkəməsi qərarların icra edilməməsi ilə bağlı L.Əfəndiyeva və İ.Tarverdiyevin şikayətini təmin edərək dövləti cəzalandırıb. Lakin yenə də bu qəbildən olan işlərə aid ümumi xarakterli heç bir tədbir görülməyib. Mövcud qanunvericiliyə görə, qanuni qüvvəyə minən məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Amma göründüyü kimi, bəzən bu vasitə də məhkəmə qərarının icrasını reallaşdıra bilmir.
Qonşu ölkələrdə isə alimentlə bağlı qərarların icra yolları tapılıb. Şimal qonşumuz Rusiyada xüsusi informasiya bazası yaradılıb ki, aliment ödəyicilərinin adları ora daxil edilib. Bu informasiya polisdə, yol polisində, sərhəd-keçid məntəqələrində də var. Kişi sürücü yol-hərəkət qaydalarını pozubsa, haqqındakı məlumat bazaya daxil edilir və əgər o, aliment ödəyicisidirsə və alimenti ödəməyibsə, yol polisi bununla bağlı ona xəbərdarlıq edir. Alimentlə bağlı məhkəmə qərarını icra etməyənlərə ölkədən çıxmaq da qadağandır.
Qonşu Türkiyədə də alimentlə bağlı məhkəmə qərarını ödəməyənlərlə sərt davranılır. Buna görə konkret həbs cəzası nəzərdə tutulub və 10 gün müddətində aliment ödənmirsə, borclunun əmlakı müsadirə oluna bilər.

“Aliment Fondunun
yaradılarsa, yayınma
halları olanda dövlət
işə qarışacaq”

Ekspertlər isə problemin həlli yollarını təklif edir. "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ən yaxşı üsul Aliment Fondunun yaradılması olardı: “Aliment Fondunun yaradılarsa, yayınma halları olanda dövlət işə qarışacaq. Aliment ödənmədikcə borclar yığılıb qalır və bu zaman hökumət strukturları fəaliyyətə keçir. Cavabdeh tərəf tapılaraq ondan dövlətə olan borcların ödənməsi tələb edilir”.
“Alimentlərlə bağlı məhkəmə qərarlarının icrasının həll variantlarından biri Aliment Fondunun yaradılmasıdır. Hətta Fond faizli olsa yaxşıdır. Əgər aliment vaxtında ödənilmirsə, dövlət bu vəsaiti ödəyir. Sonradan isə vətəndaşdan alimentlə bərabər onun faizi də alınır. Artıq vəsait isə müvəqqəti olaraq aliment ala bilməyən digər qadınlara ödənilir. Aliment Fondu olarsa, qadın biləcək ki, stabil bir vaxtda pul alacaq. Kişi də biləcək ki, nə vaxtsa təyin edilən alimenti ödəməlidir” - deyə "Qadın Krizis Mərkəzi"nin rəhbəri Mətanət Əzizova deyir.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da belə hesab edir ki, problemin həllində optimal çıxış yolu Aliment Fondunun yaradılmasıdır: “Dövlət başlanğıcda ora vəsait qoyur, yayınma halları zamanı müəyyən müddət dövlət vəsaiti hesabına aliment ödənir, sonra isə borclu şəxsə həmin vəsait məcburi şəkildə ödətdirilir. Bu olmayınca, alimentlərin ödənməsində problemlər qalacaq”.

Məhkəmə qərarını
icra etməyənlər
cəzasını çəkməlidir

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini millət vəkili Musa Quliyev problemin həllini fərqli görür: “Əgər şəxs cinayət məsuliyyətinə cəlb olunduqdan sonra da alimenti ödəməkdən imtina edirsə, yenidən həbs edilməlidir. Bu proses o vaxta qədər davam etdirilməlidir ki, ata təyin edilən alimenti ödəsin. Həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində bu məsələ ilə bağlı tədbirlər nəzərdə tutulub. Ən son anda həmin şəxslər icbari əməyə cəlb edilməlidir. Məsələn, bələdiyyədə yol süpürsün, zibil daşısın, fəhləlik eləsin və qazandığı pulla alimenti ödəsin. Əgər bu yolla da aliment ödənilmirsə, vurub həmin şəxsi öldürməkdən başqa yol qalmır”.
Alimentlə bağlı məhkəmə qərarını vətəndaş obyektiv səbəbdən icra edə bilmədiyi zaman həmin vəsaiti dövlətin ödəməsinə gəldikdə isə M.Quliyev bunu Azərbaycanda mümkünsüz sayır: “Bəzi ölkələrdə belə bir qanun tətbiq olunur. Amma bu zaman valideynlərin məsuliyyəti aşağı düşür və zaman keçdikcə heç kəs aliment ödəmək istəməyəcək”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Fazil Mustafa hesab edir ki, əgər vətəndaş alimentlə bağlı məhkəmə qərarını obyektiv səbəbdən icra etmirsə, dövlət və sosial institutlar bu məsələdə rol oynamalıdır: “Aliment uşağın normal böyüməsi üçün vacibdir. Əgər ata alimenti ödəmirsə, bunun cəzasını uşaq çəkməməlidir. Buna görə də alimenti ödəməyənlərin həbsi ilə məsələ çözülmür. Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidir. Amma müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır. Məsələnin təkcə valideynlərin üzərinə qoyulması doğru deyil. Çünki 5-10 il hər bir şəxsin həyatında vacib bir müddətdir. Sonradan məhrumiyyətlər içərisində böyüyən uşaqların cəmiyyət üçün faydalı olmasını təmin etmək mümkünsüzdür. Valideynin məsuliyyətsizliyinin cəzasını övlad ödəməməlidir”.
Hüquqşünas Müzəffər Baxışov məhkəmə qərarlarının icrasını təmin etmək üçün beynəlxalq təcrübədən yararlanmağı vacib sayır: “Məhkəmə qərarlarının icrası insanların məhkəmələrə inamını artırır. Buna görə də beynəlxalq təcrübədə öyrənilib qərarların icrasına mane olan səbəblərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır. Vətəndaş işləmirsə, əmlakı və gəliri yoxdursa, məhkəmə qərarını icra etməsi mümkünsüzdür. Belə hallarda bu məsələlərin daha təkmil prosedur qaydası qanunvericiliklə həllini tapmalıdır”.
Ekspertlərin qənaətinə görə, bu sahədə əsas problemlərdən biri də ölkə qanunvericiliyində olan boşluqlardır. Müvafiq qanunvericilikdə ailə dağıldıqdan sonra uşaqların taleyinin necə olacağı ilə bağlı məsələlərə tam aydın şəkildə izahat verilmir. Hazırkı qanunvericilikdə həmin məsələlərlə bağlı kifayət qədər boşluqların olması bəzi valideynlərə aliment ödəməkdən yayınmağa imkan verir. Digər tərəfdən, məhkəmələr tərəfindən aliment təyin olunur, amma valideynlər bunu ödəmək imkanı nəzərə alınmır. Maksimum mükəmməl qanunvericilik olmalıdır ki, tərəflər qanunun tələblərinə əməl etsin. Bu olmadan alimentlə bağlı qanunvericilikdə tələblərin sərtləşdirilməsi də effektli olmayacaq.

Ayxan Kazımlı