İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

Unikal.org bildirir ki, çempionatın beşinci günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

70 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə təmsilçimiz Ukrayna idmançısına da heç bir şans verməyib və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı olacaq.

79 kq-da yarışan Orxan Abbasov isə ardıcıl olaraq Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Moldova idmançısına uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

97 kq-da mübarizə aparan Alimaqomed Alixmoyev də bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Rusiya idmançısı olacaq.

57 kq çəkidə yarışan Əliabbas Rzazadənin də bürünc medal qazanmaq şansı var.

Final görüşləri Bakı vaxtı ilə 4 avqust saat 20:00-da başlayacaq.