Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edilib.

Unikal.org xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, ölkənin teatr ictimaiyyətinin və şəhər ziyalılarının nümayəndələri əvvəlcə teatrdakı sərgi ilə tanış olublar.

Təntənəli mərasim Sumqayıt teatrının tarixini və bu gününü əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, bu gün təkcə Sumqayıt üçün deyil, ölkənin mədəniyyət aləmi üçün böyük bayramdır: 

"Fəxr edirəm ki, 50 yaşlı Sumqayıt teatrı 146-cı mövsümünü yaşayan Azərbaycan teatrına böyük töhfələr verib, bu gün digər teatrlarda çalışan, çox tanınmış teatr insanları ilk addımlarını bu teatrın səhnəsində atıblar.

Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hər kəsi salamlayaraq, bütün sumqayıtlılar adından teatrın kollektivini təbrik edib, onlara sənət uğurları arzuladı. O, ölkə başçısının təsdiqlədiyi regionların inkişaf proqramına əsasən Sumqayıtda da mühüm işlər görüldüyünü deyərək son illər şəhərdə inşa edilən, təmir-bərpa olunan mədəniyyət obyektləri və mədəni istirahət ocaqlarının adlarını çəkdi. Yubilyar kollektivin Sumqayıtın ictimai həyatında, dövlət tədbirlərində fəal iştirak etdiyini, bir çox respublika və şəhər əhəmiyyətli tədbirlərin teatrın binasında keçirildiyini bildirən Z.Fərəcov teatrın bir qrup əməkdaşına şəhər İcra Hakimiyyətinin fəxri fərmanını təqdim etdi.

Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti, professor Azərpaşa Nemətov kollektiv üzvlərini təbrik edərək onlara yaradıcılıq uğurları arzuladı, kollektivin bir qrup üzvünə ittifaqın fəxri fərmanını təqdim etdi.