13 Dekabr 2018
Elçin Quliyev parlamentdə sabirabadlıların problemini qaldırdı
CƏMİYYƏT 16:57
  • A

"Milli Məclisin müzakirəsinə təqdim olunmuş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu layihəsi büdcənin sabitliyi və uzunmüddətli dayanıqlığının təmin edilməsi məqsədilə yeni büdcə qaydasının tətbiqi, əhalinin məşğulluq səviyyəsinin artırılması və sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin artırılması, eləcə də xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Unikal.org xəbər verir ki, bu barədə Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Elçin Quliyev deyib:

"Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar keyfiyyətcə yeni prioritetlərin formalaşmasını sürətləndirib. Azərbaycanda yaradılmış böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi, şəffaflığın artırılması və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edir".

Deputat bildirib ki, 2019-cu ilin büdcəsi Maliyyə Nazirliyi və digər nazirliklər tərəfindən mükəmməl hazırlanıb və hesablama palatasının rəyi də müsbət dəyərləndirilir:

"2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi, iqtisadi fəaliyyətin stimullaşdırılması, iş yerlərinin belə desək "kölgədən çıxarılması və müvafiq olaraq ödənilən əmək haqlarının şəffaflaşdırılması, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin daha 5 il müddətinə uzadılması, sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə üzrə eyniləşdirilməsi (2 faiz), əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin tədricən genişləndirilməsi, nağdsız əməliyyatların stimullaşdırılması təşkil edir.

Dövlət büdcəsinin gəlirlərinin 22917,5 mln manat və ya ÜDM-in 28,0 faizi həcmində proqnozlaşdırılması müsbət qiymətləndirir və onun xüsusi çəkisinin artırılması vacib məsələlərdəndir. Bu da 2018-ci ilin büdcəsindən 768 mln manat çoxdur.

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barelinin 60-70 ABŞ dolları ətrafında proqnozlaşdırılması fonunda 2019-cu ilin dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları olmaqla nəzərdə tutulması təqdirəlayiqdir.

2019-cu ilin dövlət büdcəsinin xərcləri 24780,1 milyon manat təşkil edəcəkdir.

2019-cu ildə dövlət büdcəsinin xərclərində proqram və məqsədli tədbirlər üçün 10314,4 milyon manat vəsait proqnozlaşdırılmışdır ki, bu da 2018-ci illə müqayisədə 2076,9 milyon manat və ya 25,2 faiz çoxdur. Bu xərclərin dövlət büdcəsi xərclərinin 41,6 faizini təşkil etməsi gələcəkdə büdcənin məqsədli proqramlar əsasında tərtib olunması və bununla da şəffaflğın qorunmasına öz müsbət töhfəsini verəcəkdir. Bütün bunlar sözsüz ki, ölkənin əsas iqtisadi hərəkətverici qüvvəsi olan özəl sektorun inkişafını stimullaşdırmaq və onlara yeni istehsal sahələrini qurmaq üçün lazımi şəraiti yaratmaqdır.

Təmsil etdiyim Sabirabad rayonunda sənaye məhəlləsinin yaradılması rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynamasını xüsusi qeyd etmək istərdim. Hazırda bu istiqamətdə intensiv işlərin aparılmasına görə öz təşəkkürümü bildirirəm. Bundan başqa, rayonun Yastıqobu kəndinin qazlaşdırılması ilə bağlı kənd sakinləri adından cənab Prezident İlham Əliyevə və hökumət üzvlərinə dərin minnətdarlığımı bildirirəm.

Uzun illər fəaliyyət göstərən və dahi şairimiz S. Vurğunun adını daşıyan şəhər 3 nömrəli orta məktəb üçün yeni binanın tikintisi və Sabirabad şəhərinin mərkəzi küçələrinin 14 km-ə yaxın asfalt örtüyünün yararsız hala düşdüyünü nəzərə alaraq, bu işlərin növbəti ilin Dövlət İnvestisiya Proqramına daxil edilməsini seçicilərim adından xahiş edirəm"