"Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir və yenidənqurma işlərinin aparıldığı Sabunçu stansiyasının ərazisindən 5 metr hündürlükdən gedən mis tərkibli rabitə xəttinin oğurlanması barədə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, məlumat daxil olan kimi Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini İbrahim Abbasov oğurladığı naqili metal qəbulu məntəqəsinə satmaq istəyən zaman saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı onun stansiyaya məxsus 80 metr naqili oğurladığı məlum olub.

Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə müraciət edə bilərlər.