Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Unikal.org-a DİN-dən verilən məlumata görə, Balaxanı qəsəbə sakin olan bir qadın Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin ona qarşı soyğunçuluq edərək çantasını ələ keçirməsi barədə məlumat verib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Aleksandr Miroşkin yaxalanıb. Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177 2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olduğu müəyyən edilib.

A.Miroşkinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Sabunçu rayonu ərazisində əlavə olaraq müxətəlif vaxtlarda iki həyət evindən məişət əşyaları, elektrik naqilləri və təmir-tikinti əlalətləri oğurladığı da məlum olub.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzinə, Sabunçu Rayon polis İdarəsinə və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.