Qubalılar yenidən ayağa qalxacaq
Qubalılar yenidən ayağa qalxacaq
Vahid Əhmədov həbs edilənlərin tərəfini tutur

Millət vəkili Vahid Əhmədov son müsahibəsində maraqlı açıqlamalarla çıxış edib. Bu açıqlamalar onun məlum Quba hadisələrindən sonra hakimiyyətə qarşı münasibətinin dəyişməsi barədə mətbuatda yer alan fərziyyələrin həqiqət yükünü daha da artırır.
Belə ki, müsahibəsində "Siz parlamentdə Qubanı təmsil edirsiniz. Bu il martın 1-də Qubada baş vermiş hadisələrlə bağlı məhkəmə prosesləri başlayıb. Həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. Bunları necə qiymətləndirirsiniz? Ölkədə vətəndaş həmrəyliyi ovqatının yaradılması üçün Quba hadisələri ilə bağlı da humanist mövqe sərgiləməyə ehtiyac varmı" sualına V.Əhmədov belə cavab verib: "Bu barədə geniş danışmaq istəmirəm. Məsələ ilə bağlı geniş məlumatım yoxdur".
Qeyd edək ki, haqlı olaraq V. Əhmədovun geniş açıqlama verməməsi belə fikirlərin yayılmasına səbəb olub ki, Quba hadisələri ilə bağlı başlanan cinayət işində sabiq icra başçısı Rauf Həbibovun zərərçəkən qismində tanınması, istintaqın gedişində onun günahgar olmaması deputatı ehtiyatlı olmağa məcbur edib. Ona görə geniş danışmaq istəmir.
Digər tərəfdən, Əhmədovun açıqlamalarındakı üstüörtülülük onun Quba hadisələrinin məsuliyyətinin o vaxtki icra başçısının deyil, başqa şəxslərin üzərinə qoyulmasından narazılığını ifadə edir. Bu isə əlbəttə, xeyli dərəcədə məntiqsiz bir mövqedir.
Söhbət ondan gedir ki, məlum olaylarla bağlı uzunmüddətli istintaq prosesi aparılıb, işə hazırda məhkəmə baxır. Bütün bunların sonunda prosesə təqsirləndirilən qismində şəxslər cəlb olunub. Amma indi belə çıxır ki, Vahid Əhmədov istintaqın gəldiyi qənaətlərdən də narazıdır, hüquqi dəlillərə şübhə ilə yanaşır və faktiki olaraq, həbs olunanların maraqlarından çıxış edir.
Qeyd etmək yerinə düşər ki, deputatın istintaqdan fərqli qənaətlərdə oldğunu onun müsahibəsindən sizə təqdim etdiyimiz bölümə aydınlıq gətirmək üçün dünən mətbuatda yer alan bir açıqlaması da ortaya qoyur. Vahid Əhmədov həmin açıqlamasında qeyd edir ki, Quba hadisələri ilə bağlı indiyə kimi bütün açıqlamalarını verib və bu gün də həmin açıqlamaların arxasında durur: "İndiyədək dediklərim həqiqətdir və bunun arxasında dururam. Sadəcə olaraq, bu gün danışmağım doğru deyil. Çünki ilkin istintaq sona çatıb və məhkəmə prosesi gedir. Bu ərəfədə mənim hər hansı bir fikrim doğru anlaşılmaya bilər və məhkəməyə təzyiq vasitəsi olaraq dəyərləndirilər. Ona görə də məhkəmə prosesinin sonunu gözləmək lazımdır. Müsahibəmdə Quba hadisələri ilə bağlı verilən suala geniş cavab verməməyim bununla bağlıdır".
Burada iki önəmli detal var. Birinci, Quba hadisələri ilə bağlı indiyədək dediklərinin arxasında durmasıdır. Xatırladaq ki, deputatın həmin dediklərində hadisələrin günahkarı kimi rayonun sabiq icra başçısı göstərilirdi, hansı ki, sabiq başçını istintaq zərərçəkən kimi tanıyıb. Bununla da Vahid Əhmədov istər istintaqdan, istərsə də hazırda həbsdə olanların ittiham edilməsindən narazı qaldığına işarə edir. Hansı ki, bu çox həssas bir mövqedir və belə mövqe sərgiləmək qubalıların etirazını yenidən körükləyə, onları həbsdəkilərin azadlığa buraxılması üçün aksiyalar keçirməyə təhrik edə bilər.
İkincisi, deputat məhkəməyə təsir kimi qiymətləndiriləcəyi üçün geniş cavablar vermək istəmədiyini deyir, halbuki "əvvəl dediklərimin arxasındayam" cümləsi elə geniş cavabdır. O deməkdir ki, "mövqeyimi bilmək istəyirsinizsə, hadisələrdən sonrakı açıqlamalarıma baxın!" Bəyəm millət vəkilinin məntiqi ilə, bu da dolayısı yolla məhkəmə prosesinə təsir mahiyyəti daşımırmı?
Hər halda açıq görünür ki, Vahid Əhmədov Quba hadisələri ilə bağlı keçən sürəcdə həqiqətən də hakimiyyətdən narazıdır, küsgündür. Bu isə onun qarşıdan gələn prezident seçkilərində müxalifətin mövqeyini müdafiə edəcəyinə dair bəzi KİV-lərdəki ehtimalları qüvvətləndirir. Elə son müsahibəsində onun 2013 seçkilərinin demokratik keçirilməsi zərurətini xüsusi vurğulaması da bunu düşünməyə əsas verir.
Vahid Əhmədovun neft biznesiylə bağlı növbəti sayımızda.

Azər Aslan