“Napoli”nin kapitanı Marek Hamşik İtaliya mətbuatına maraqlı açıqlama verib.

Unikal.org xəbər verir ki, 2007-ci ildən Seriya A təmsilçisində forma geyinən slovakiyalı futbolçu heç vaxt “Napoli”də bir nömrə ola bilməyəcəyini deyib:

“Napoli”də heç vaxt bir nömrə ola bilməyəcəyimi bilirəm. Çünki Dieqo Maradona həmişə bu komandanın bir nömrəsi olacaq. Ancaq onun rekordunu qırdığım üçün xoşbəxtəm. Bu mənim üçün böyük qürurdur. 

Karlo Ançelotti ilə Mauritsio Sarri arasında bir çox fərq var. Hər ikisi mükəmməl məşqçidir. Sarri ilə çox yaxşı futbol oynayırdıq. Bütün Avropa bizim oyunumuza baxırdı. Sonra dəyişiklik oldu, ancaq bu da müsbət təsir etdi. Yenə də baxımlı və hücum futbolu oynayırıq”.

Hamşik cari mövsümdə 17 qarşılaşmada iştirak edərək, 1 qol vurub və bir məhsuldar ötürmə edib.

2007-ci ildən Slovakiya millisinin formasını geyinən 31 yaşlı yarımmüdafiəçi, yığmada 110 matça çıxaraq, 22 qol vurub. Slovakiya AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan, Uels, Macarıstan və Xorvatiyayla bir qrupda mübarizə aparacaq.