Gürcüstanda hakimiyyət məsələsi həll edilir
Gürcüstanda hakimiyyət məsələsi həll edilir

1 oktyabr 2012-ci il tarixdə Gürcüstanda parlament, altı aydan sonra isə prezident seçkiləri keçirilməlidir. Yəni Gürcüstanda oktyabr ayında keçiriləcək bu seçkidə söhbət Saakaşvili "kursu"nun hakimiyyətdə qalıb-qalmaması kimi qlobal bir məsələnin həllindən gedir.

Politoloq Anar Əhmədovun sözlərinə görə, "Keçiriləcək seçkilərə vətəndaşların marağı heç vaxt belə yüksək olmayıb. Seçicilərin ümumi sayı təşkil edilmiş 84 seçki dairəsində 3 milyon 600 min nəfərdən artıqdır. Abxaziya və Cənubi Osetiyada yerləşən 11 dairədə isə ərazi cəhətdən Gürcüstan qanunları ilə idarəetmə olmadığından dairələrin 73-ü fəaliyyət göstərəcək. Seçkilərdə 17 partiya və iki siyasi blokun iştirakı gözlənilir. Əsas mübarizə ölkə Prezidenti Mixail Saakaşvilinin başçılıq etdiyi hakim "Vahid Milli Hərəkat" partiyası və "Bidzina İvanişvili - gürcü arzusu" müxalifət blokunun arasında gedəcək.
Artıq məlumdur ki, Saakaşvili prezident vəzifəsini icra etdiyi üçün partiyasının siyahısına başçılıq etməyəcək, bu missiyanı Baş nazir Vano Merabişvili yerinə yetirəcək. "Gürcü arzusu"na isə Bidzina İvanişvili Gürcüstan vətəndaşı olmadığı üçün "Milan" futbol klubunun keçmiş oyunçusu Kaxa Kaladze başçılıq edəcək.
Gürcüstanda keçiriləçək seçkiyə xarici müşahidəçilər də maraq göstərir. Artıq rəsmi Tiflis mühafizəkar ABŞ senatoru Con Makkeyni, dövlət katibinin müavininin köməkçisi Tomas Melianın başçılıq etdiyi ABŞ nümayəndə heyətini, Estoniya və digər beş Avropa ölkəsinin xarici işlər nazirlərini, Avropa Şurasının müşahidə missiyasının nümayəndələrini qəbul etməkdədir.
Gürcüstan vətəndaşları üçün ölkə ərazisindən başqa 36 ölkənin 43 şəhərində (o cümlədən iki seçki məntəqəsi Əfqanıstanda Gürcüstan qoşunları olan ərazidə) seçki məntəqələri yaradılıb.
Gürcüstanla diplomatik münasibətlərinin olmadığı Rusiya ərazisində isə seçki məntəqələri fəaliyyət göstərməyəcək. Deməli, Rusiyada yaşayan gürcülər yeni hökumət seçkisində iştirak etməyəcəklər.
Azərbaycanda yaşayan və ya işləyən yeddi minə yaxın Gürcüstan vətəndaşı ölkənin Bakıdakı səfirliyində təşkil ediləcək seçki məntəqəsində səs vermək hüququna malik olacaqlar.
Bu seçkilər Azərbaycan üçün çox vacibdir. Gürcüstan, ərazisindən ən mühüm nəqliyyat və enerji arteriyası keçən strateji müttəfiqimiz olmaqla bərabər, seçkilərin təsir edəcəyi yarım milyona yaxın azərbaycanlının yaşadığı bir ölkədir.
Bakı və Tiflisi enerji və kommunikasiyalardan başqa, ərazi bütövlüyü problemi də bağlayır. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müqavilələrin sona çatdırılmaması, ərazilərlə bağlı kiçik insidentlərin baş verməsi faktları öz aktuallığında qalır.
Danılmaz faktdır ki, Samsxe-Cavaxetiyada ermənilərin ərazi iddiası, "kilsələrin məsələsi" gündəmdə olsa da, Ermənistan-Gürcüstan münasibətləri bu gün yüksək səviyyədədir və bunu ölkə rəhbərliyi danmır. Saakaşvilinin seçkilərdə məğlubiyyəti Ermənistanın müttəfiqi olan Rusiyanın regionda nüfuz sahibinə çevrilməsinə və müstəqilliyin zəifləməsinə gətirib çıxaracaq.
Azərbaycanı düşündürən mühüm məsələ isə Gürcüstanda yaşayan azərbaycanlılardır. Azərbaycanlılar Kvemo-Kartli (Borçalı) vilayətində 4 rayon mərkəzi olan Qardabani, Bolnisi, Dmanisi və Marneulidə kompakt yaşayırlar. Bu ərazilərdə torpaq münasibətlərinin tənzimlənməsi, hakimiyyətin köçürmə siyasəti, öz doğma dilində təhsil, Gürcüstan hakimiyyəti və dövlət qurumlarında təmsil etmə kimi narazılıqlar dəfələrlə baş versə də, ermənilərdən fərqli olaraq siyasi müstəviyə keçməyib, əsasən sosial problemlərin birgə həllinə yönəlib.
Azərbaycan daim bu problemləri nəzarətdə saxlayaraq həllinə çalışsa da, Tiflis heç də hər zaman bizim maraqlarımızla üst-üstə düşən (Ermənistan istiqaməti), Azərbaycan prioritetlərinə üstünlük verən Qafqaz siyasətini həyata keçirməyə hazır olduğunu nümayiş etdirmir. Məhz buna görə də seçkilərdə Tiflis regional siyasətə daha çox diqqət yetirməlidir".
"Borçalı" ictimai birliyinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə, "Gürcüstanda on ilə yaxın bir müddətdə davam edən demokratik islahatlar kursu artıq öz nəticəsini verməkdədir və Gürcüstan vətəndaşı bu islahatların real nəticələrini özünü gündəlik yaşayışında və dolanlışığında, ailə büdcəsinin durumunda da hiss etməkdədir. Qəti şəkildə bildirmək olar ki, Prezident Saakaşvilinin başladığı islahatlar Gürcüstan insanında qanunun aliliyinə hörmət hissi yarada bilib. Buna görə də hesab edirəm ki, qonşu ölkədə iqtidaryönlü seçki blokunun parlament seçkilərində qələbə çalmaq şansı çox yüksəkdir."
Zəlimxan Məmədlinin fikrincə, "Gürsütanda keçiriləcək parlament və prezident seçkiləri Qərbin və Rusyanın da diqqət mərkəzindədir. Gücüstan müxalifətinin bu seçkilərdə qalib glərək ölkənin siyasi kursunda dəyişiklik etməsi Rusiyanın bir nömrəli problemidir. Yadınızdadırsa, Rusiya Gürcüstandakı siyasi situasiyanı dəyişdirmək üçün hətta 2008-ci ildə bu ölkəyə hərbi təcavüz də etmişdi. Lakin Qərbin kəskin reaksiyası Rusiyanı geri oturtdu. Məndə olan məlumata görə, Rusiya Dağlıq Qarabağdan çıxardığı qoşunları Gürcüstanın şimal sərhədinə cəmləşdirib və buna görə də Gürcüstan hələ də Rusiya təhlükəsindən tam sovuşmayıb. Yəni yaxın gələcək üçün Rusiya-Gürcüstan münasibətlərini proqnozlaşdırmaq çox çətindir".
Bununla belə, birlik sədri hesab edir ki, Saakaşvilinin seçki bloku bu seçkilərdə 60% üstünlüklə qalib gəlmək imkanına malikdir.

Adil