ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti Ucar rayonun Lək kənd sakini Sevinc Həsənovanın “özünüməşğulluq proqramı” çərçivəsində ona verilən heyvanların xəstə olduğu iddiasına cavab verib.

Qurumdan Unikal.org-a bildirilib ki, S. Həsənovanın şikayəti ilə bağlı mediada əksini tapan məqalədəki xəstə heyvan şəklinin ona verilmiş mal-qara ilə heç bir aidiyyəti yoxdur. Təqdim olunan digər iki şəkil isə S.Həsənovaya verilən mal-qaranı əks etdirir və onların hər hansı yararsız vəziyyəti də müşahidə edilmir. 

Məlumat üçün qeyd edək ki, ötən ilin noyabr ayında S.Həsənovaya mal-qara özünün iştirakı və razılığı ilə alınaraq təhvil verilib. Təhvil verilərkən də ailəsi mal-qaradan razılığını bildirib və aktı imzalayıblar.

Lakin aradan iki ay vaxt ötəndən sonra o, rayon məşğulluq mərkəzinə müraciətində verilmiş mal-qaranın sağlamlığı ilə bağlı şikayət edib. Bununla bağlı müvafiq araşdırma aparılıb, nazirliyin əməkdaşları tərəfindən onun təsərrüfatına baxış keçirilib. Baytar həkim müayinəsi aparılıb və nəticədə mal-qaranın tam sağlam olduğu, sadəcə olaraq yaxşı yem verilmədiyi üçün südünün az olduğu barədə rəy verilib. 

Bir daha bildiririk ki, proqram iştirakçılarının mal və materiallarla təminatı işlərinə, verilən mal-materialların keyfiyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi nəzarət olunur. Hər bir proqram iştirakçısına mal və materiallar verilərkən bu proses verilən mal-materialların keyfiyyəti, eyni zamanda, heyvandarlıq üzrə təsərrüfat quranlara  verilən mal-qara ilə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınmaqla akt əsasında rəsmiləşdirilir. Sevinc Həsənovaya heyvanlar təqdim olunan zaman da bu amil nəzərə alınıb və ailəsi aktı imzalayaraq mal-qaranı təhvil alıb.