Heydər Əsədovdan məmurların üzərinə səlib yürüşü
Heydər Əsədovdan məmurların üzərinə səlib yürüşü

Hesablama Palatası iri vəzifəliləri divara dirəyir

Son vaxtlar Hesablama Palatası sözün həqiqi mənasında hücumdadır. Heydər Əsədovun rəhbərlik etdiyi qurum məmurlara, belə demək mümkünsə, "göz verib işıq verməməyə" başlayıb.

Əvvəllər Palatanı iri məmurların "bostanına girməməkdə", daha doğrusu buna ürək etməməkdə suçlayırdılar. Amma xeyli vaxtdır artıq situasiya əhəmiyyətli şəkildə dəyişib. Qurum tanınmış, nüfuzlu məmurların şəxsi obyektlərinə çevrilmiş dövlət qurumlarında da büdcə vəsaitlərinin monitorinqini aparmaq cəsarəti göstərir. Sonuncu dəfə Dillər Universitetində aparılan yoxlamalar sonucu aşkarlanan korrupsiya faktlarının Baş Prokurorluğa təqdim edilmək üzrə olması və rektor-deputat Səməd Seyidovun ağır töhmət altında buraxılması artıq Heydər Əsədovun yeni iş prinsipləri tətbiq tməyə başladığının növbəti nümayişi kimi qəbul oluna bilər.
Artıq açıq-aydın hiss olunur ki, Hesablama Palatasının sədri hakimiyyət içərisində əlini xeyli gücləndirib və tədricən bir çox oliqarxlar üçün ciddi təhlükəyə çevrilməkdədir. Hər bir iri məmur istənilən vaxt Palatanın müfəttişlərini öz qurumunda görə bilər.
İqtidar daxili çevrələrdən gələn bilgilər o da yöndədir ki, Hesablama Palatasının sədri get-gedə əksər iri məmurları eşitməməkdə və onları "yoxlama taxtası"nın üzərinə çıxarmaq üçün israrlı görünməkdədir. Heydər Əsədovun faktiki olaraq, iri məmur korpusu üzərinə səlib yürüşünə çıxdığını deyən qaynaqların iddiasına görə, qarşıdakı zamanlarda Palata sədri daha genişmiqyaslı hücumların planını hazırlayır. Xüsusən ilin sonundan sonra onun 2012-ci il ərzində büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı aparacağı yoxlamaların xeyli sayda iri məmurun - onların arasında bəzi nazirlər, komitə sədrləri, icra hakimiyyəti başçıları, səhmdar cəmiyyət rəhbərləri və s. olacağı şübhə doğurmur, - çıxılmaz vəziyyətə düşməsi ilə sonuclanacağı indidən əminliklə söylənə bilər.
Amma bəzi müşahidəçilər hazırki prosesin davamlı və prinsipial şəkildə dava m etdiriləcəyi təqdirdə bunun Heydər Əsədov üçün yarada biləcəyi təhlükələrə də diqqət çəkirlər. Onlar hesab edirlər ki, bəzi iri məmurlarla, oliqarxlarla mübarizəyə girmək hazırda əli və arxası nə qədər güclü olsa belə, müəyyən bir zaman kəsimində Əsədovu ağır vəziyyətdə qoya bilər. "Şübhə yoxdur ki, artıq indidən bir çox iri məmurlar Hesablama Palatasının sədrinin adını özlərinin "qara siyahı"larına salıblar. Onlar Heydər Əsədovun ayağının azca büdrəməsi üçün fürsət gözləyəcəklər və ilk belə fürsətdəcə onu ən ağır formada cəzalandıracaqlar. Yəni belə bir risk də var və Əsədov onunla hər an üzbəüz qala bilər. Gəlin Fərhad Əliyevin taleyini unutmayaq. Sabiq iqtisadi inkişaf nazirinin də özünə ciddi əminliyi vardı və ona görə də hakimiyyət içərisində heç bir nüfuzlu, ciddi dayaqlara malik oliqarxla, iri məmurla hesablaşmırdı, öz "qanunlarını" diqtə etməyə çalışırdı. Axırının necə olduğunu isə hamımız çox yaxşı bilirik. İndi istisna deyil ki, Hesablama Palatasının da iri məmurlar üzərinə yerimək üçün bu qədər "sürət yığması", cəsarət toplaması sonradan tərs təpki və Heydər Əsədovun özünü çıxılmaz situasiya ilə üz-üzə qoysun".
Əlbəttə, bütün bunlar gələcəklə bağlı ehtimalların bir qismidir, hələliksə real olan odur ki, Hesablama Palatasının sədri yuxarı məmur topluluğuna qarşı hücumdadır. Onları küncə sıxmaqla, çətin durumlarla üz-üzə qoymaqla məşğuldur. Və belə davam edərsə, Heydər Əsədovun sayəsində xeyli yüksək çinlinin "yanmaq" ehtimalı böyükdür.
Xatırladaq ki, Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradılmışdır və 2001-ci il dekabrın 7-dən fəaliyyətə başlamışdır. Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Hesablama Palatası təşkilati və funksional müstəqilliyə malikdir.
Onun hazırki sədri Heydər Əsədov isə bu quruma 2007-ci ilin aprelindən rəhbərlik edir.
Azər Aslan