Unikal.org modern.az-a istinadən Aida Eyvazlının yazısını təqdim edir
İndi Sərxanın şəkilləri, qələmi, qırmızı bereti, 7 yaşından qalan oyuncağı... hamısı xatirə kimi boylanır evdən. Anası Həlimət Bayramova sağına boylanır, soluna baxır, 23 yaşlı oğlunu tapmır axı...  Ona həmişə sürprizlər bəxş edən Sərxandan sürpriz gözləyir.
O yalan sözdür ki, "xoşbəxtəm ki, oğlum Vətən yolunda şəhid oldu" deyir bəzən mikrafon önündə  valideynlər. Övladları ölən valideynlər, əzizləri ölən doğmalar xoşbəxt olmurlar. Xoşbəxt olan yalnız Şəhid Ruhlarıdır! Bədbəxt olan isə valideynlərdir. Heç  özünüzü "xöşbəxətəm ki, oğlum şəhiddir" sözünü dedizdirdiyiniz valideynin yerinə qoymusunzmu?! Bir anlığa o valideynin yaşadığını yaşasanız, bilərsiniz ki, belə olmur...
...Neçə vaxtdır "Aprel müharibəsi"ndə şəhid olan Vətən oğullarıının böyüyüb boya-başa çatdığı evlərin qapılarını açıram. O evlərdə xoşbəxtlikdən əsər-əlamət görmürəm. Xoşbəxtlik o evləri tərk eləyib.

Zaqatalada beşmərtəbəli evin sonuncu mərtəbəsində yaşayır Bayramovlar ailəsi. Əslində Oqtay da, Həlimət də hələ yaşlaşmayıblar. Hər ikisinin 50 yaşları ancaq olar. Ancaq tale çiyinlərinə elə bir yük qoyub ki... çək, çəkə bilərsənsə bu yükü...
Şəhidimizin anası Həlimət Bayramovanın söhbətindən məlum oldu ki, son görüşləri bu il  martın 20-sı olub. 21-i güvəndikləri oğullarını sevinclə yola salıblar. Mart ayının 22-də Sərxan üçün qız qapısına elçi gedib, hərisini alıblarmış. Aprel ayının 10-da da nişan aparacaqdılar... Sən saydığını say... gör fələk nə sayır.  Ancaq aprel ayının 10-da oğlunun üç rəngli Azərbaycan  bayrağına bükülmüş tabutunu gətirdilər evinə.
-- Vallah bilmirəm necə anayam, heç yuxuma da gəlmədi, heç narahat da olmadım, ürəyimə də dammadı axı... Mən Sərxanın ölümü haqqında heç vaxt fikirləşməmişdim. Mən onun toyuna hazırlaşırdım. Mən onun üçün xonçalar tutacaqdım.  Sərxan o qədər həyatsevən oğlan idi ki... O olan yerdə ancaq sevinc, şənlik olardı. Gəlməyi ilə, peyda olmağı ilə bütün məclislərdə ab-hava  dəyişər, gülüş, sevinc səpələyərdi ətrafa.  Heç vaxt mənim oğlanlarım bizə əziyyət verməyiblər. Böyük oğlumu keçən il evləndirdim.  Bir dəfə də olsun onlar, atalarından nəsə istəməyiblər, nəsə xahiş etməyiblər. Bütün sirr-sözlərini mənə deyərdilər. Atasının adı Oktaydır. Elə uşaqlıqdan atalarına "Oku"  çağırırdılar. Nəsə lazım olanda məni yanlayıb, boynumu qucaqlayıb, üzümdən öpüb "Okudan al, istə"- deyə məni əzizləyiblər həmişə.  Deməyə o qədər xatirəm var ki... Ancaq, heç biri onu qaytarmayacaq. Bu evin hər küncündə, hər qapısında, aynasında onun xatirəsi, əksi var.   Son zamanlar söhbət edəndə mənə deyirdi ki "Ana , sən möhkəm ol!". Bir dəfə də ağzından vurdum ki, bu nədir deyirsən, nə olub ki, möhkəm olum. Bəlkə də özü bilirmiş ki, ömrü yarımçıq qalacaq... Nə bilim...
 
Oktayın gözlərində bir dünya kədər var. Qasırğa, tufan var. Elə bilirəm ki, soruşsam bir söz de, cavab verəcək ki: "Gəl oğul, gərəyimsən, arzumsan diləyimsən...".  Oğullar həm atalara, həm Vətənə, həm ailəyə dayaqdır. Ancaq ataya oğlu dəfn olunarkən, onun tabutuna bükülən Azərbaycan bayrağı veriləndə, hönkür-hönkür ağladığı məqamı xatırlayıram. Qorxuram ki, yenə hönkür-hönkür ağlayacaq.   Söhbəti arandan, dağdan gətirib, mətləbə yetirirəm. Oktay Bayramovdan oğlu Sərxanı soruşuram. Cavabı belə olur:

-- Özüm avto çilingərəm. Sərxana da öyrətmişdim sənətimi. Əvvəlcə oxumağa meyli olmadı. Sonra əsgər getdi. Bir gün də dedi ki, Xüsusi Təyinatlı Bölməyə yazılmaq istəyir. Fikrindən çəkindirə bilmədik.  Böyük qardaşı Harun da hərbiçidir. O Ali Hərbi Akademiyanı bitirib.  8-ci sinfi bitirəndən sonra, Sərxanın sənədlərini Naxçivanskı adına hərbi liseyə verdik. Qəbul olmadı. Necə ağlayırdı, necə tökürdü gözünün yaşını. Bu sənəti sevirdi. Uşaqlıq şəkillərinin içərisində də hərbi formada bir şəkli var. Bütün ümidlərimizi, arzularımızı yarımçıq qoydu Sərxan.  Aprelin 1-dən 2-nə keçən gecə erməni qəsbkarları torpaqlarımızda qəfil döyüşlərə başlayanda, bizim əsgərlərimiz şücaət göstərib, döyüşlərin ilk günündə  kəşfiyyatçı oğlum Sərxan da onların sıralarında olmaqla, Tərtər istiqamətində  Talış yüksəkliyinin alınmasında  əzmkarlıq göstərib, iştirak edib. Sonra da şəhid olub. Yəqin ki, qalibiyyətdən xəbəri olub, yəqin ki, onun qanı bahasına torpaqlarımızın kiçik bir hissəsinin azad olunduğunu bilib. Deyirlər aprelin 2-dən 3-nə keçən gecə şəhid olub. Ancaq, içimizdə bir ümid var idi. Şəhərin prokuroru, komissarı gəlmişdilər  o xəbər çıxanda. Dedilər ki, ümid Allahdan üzülməz. Dəqiq məlumat yoxdur, ölüm haqqında fikirləşmək olmaz. Kəşfiyyatçıdır, Sərxan. Bəlkə, hardasa,  əməliyyatdadır, bəlkə yaralıdır. O qədər  qara xəbəri çıxıb, sonra qayıdanlar olur ki... O gündən aprelin 10-na kimi ümid göyərdi içimizdə. Düz 8 gün xəbər gözlədik. Aprelin 10-u axşamı oğlumu Qızıl Aypara Cəmiyyəti təmas xəttindən götürüb,  tabutda gətirdilər...
--Sərxan haqqında həlak olub dedilər, ancaq içimdə bir boşluq yarandı. Mənə deyirdilər ki, nə hiss edirsən, anasan axı... Deyirdim ki, balam sağ olsa, hiss edərəm, yəqin ki, sağ deyil, daxilimdə bir boşluq yaranıb. Arada istəyirdi ki, gedib Rusiyada güləş komandasına yazılsın, gözümdən uzağa qoymadım getsin.   Kaş göndərəydim.  Getdi Xüsusi Təyinatlı Qüvvələrə  yazıldı. 400 nəfərin içərisindən Sərxanla birlikdə 42 nəfəri seçmişdilər. Sevdiyi işlə məşğul idi. 3 aydan bir tətil verirdilər. Gəlişi ilə məhəlləni səs-küyə bürüyərdi. Onu hamı sevirdi.  Bir də görürdün gecənin yarısı gəlib, pəncərəni açıb, var gücü ilə qışqırırdı ki, ay qonşular, mən gəlmişəm. Deyirdi ki, daha ata işə getməsin. Əlim qazanc tutur. İstəməzdi ki, bir adama əziyyət versin, kimsənin xətrinə dəysin. Gözləri elə işıqlı idi ki, həmişə gülərdi gözləri Sərxanımın...-bu sözləri deyəndə Sərxan Bayramovun şəkli əlində idi Həlimətin.
Analar  itirdikləri oğlanlarını bax belə ağlayar, belə sevər, belə əzizləyər,- deyə düşündüm.   Hələ, qonaqlar dağılandan sonra, gedib-gələnin ayağı çəkiləndən sonra danışacaq Həlimət oğlu Sərxanla, lakin səsinə səs verməyəcək balası.

Həlimət Bayramova Sərxan haqqında daha xoş xatirələr yazılsın deyə , müəllimləri və dostları ilə əlaqə saxlamağımızı xahiş etdi. Biz 5-ci mərtəbədən həyətə enəndə, məhəllədə  qonşuları gördük.  Əminə, Nəsihət və Vüqar. Sərxan Bayramov haqqında yazmaq istədiyimizi biləndə  belə söylədilər.

Əminə bacı:
-- Sərxan ölmək üçün yox, yaşamaq üçün doğulmuşdu. Onu məhəlləmizdə sevməyən adam yox idi. Çox yaxşı uşaq idi. Tərbiyəli ailədirlər. Haraya baxırıqsa yeri görünür. Bir söz var e... "O ölməyib...", Vallah biz elə düşünürük ki, Sərxan yenə böyürdən çıxacaq, gülüb-danışacaq, zarafatlaşacaq. Axırınıcı dəfə , ona dedim ki, bala qayıt gəl, ata-ana da təkdir evdə. Dedi ki, xala, mən getməsəm, kim gedəcək. Şəhid olsam, ağlamayın. Heç hələ anasına deməmişik bu sözü. Üzünə baxa bilmirik Həlimətin. Ancaq neyləyək, Vətən yolunda şəhid olub, onun qanı ilə torpaq azad etmişik.
Qalibiyyət şəhidimiz Sərxan Bayramov  Zaqataladakı şəhid  Nizami Hüseynov adına  rus dilli orta məktəbi biitirib. Nizami Hüseynov 1994-cü ildə Qarabağ uğrunda döyüşlərdə həlak olub. Bu gün həmin məktəbdə Sərxanı artıq şəhid kimi anırlar. Məktəbin müəllimləri Larisa Əsgərova və  Sərxanın sinif  rəhbəri olmuş Nərgiz Ədilovadan soruşduq vətən oğlunu. Larisa Əsgərova Vladimirovna:
  -- Bizim rayonun 192- şəhidi var. Qəhrəman bir rayondur. Qarabağ torpaqları uğrunda  o qədər canlardan keçmişik ki. 2-5 aprel günlərində isə məktəbimizin sevimli şagirdi Sərxan Bayramovu da itirdik.  Söz xatirinə demirəm, elə şagirdlər var ki, onlar müəllimlərin  və məktəbin yadında həmişə qalır. Sərxan bir başqa  cürə idi. Dərsə güclü dəvamiyyəti yox idi. Əlaçı oxumurdu. Ancaq onu hamı sevirdi. O məktəbin sevinc, şənlik simvolu idi. Onun yoxluğunu qəbul etmək çox çətindir.  O bütün məktəblə dost idi.  İndi bizim məktəbin, rayonun, Azərbaycanın fəxridir. 40 gün məktəbin foyesində onun şəklini saxladıq. Məktəblilər Zaqatalanın dağlarından, düzlərindən topladıqları  tər-təzə çiçəkləri hər gün gətirib, onun şəklinin önünə qoyaraq ehtiram göstərdilər.  İndi də şəkli qəhrəmanlar sırasında asılıb.  Ədəbiyyatı gözəl bilirdi, hər hansı əsəri müəllifin özü kimi, erudisiya ilə danışırdı. Hamıya kömək edirdi. Əlimiz yananda, onu çağırırdıq. Bir növ təcili yardımımız idi.
Nərgiz Ədilova, Sərxanın sinif rəhbəri:
-- Mən Sərxangilin sinif rəhbəri, həm də riyaziyyat müəlliməsiyəm. Belə şagird, uşaq az-az olur. Məktəbi bitirsə də, bu ünvanı unutmamışdı. Nə zaman Zaqatalaya gəlirdisə, mütləq bizə baş çəkirdi. Məktəbli olanda çox dəcəl idi, şuluq idi, səs-küy salırdı. Buna görə də ona "baltuşka-vertuşka" deyirdik.  Danlayanda incimirdi. Öz səhvini başa düşürdü. Onların sinif uşaqları ilə bu gün də münasibətim var.  Bir ailə kimi olmuşdular. Sərxanın qara xəbərini eşidəndə hamı şokda idi.  Fikirləşirdik ki, təkcə Sərxan ölməsin, kaş bu xəbər yalan olsun,  biz onsuz neyləyərik... Ancaq oldu. Aprelin 11-də səhər  məktəb lineykasında  (sıra düzümündə) qocaman müəllimimiz Ənvər Məhyəddinov ağlaya-ağlaya uşaqlara Sərxan Bayramovun şəhid olması xəbərini verdi. Uşaqların üzünə baxa bilmirdik.   O gündən sonra məktəblilərimizin də ruhu dəyişb elə bil, hamısının başında qəhrəmanlıq havası var. Hətta iki şagirdimiz ona şer də həsr ediblər.
                    Əlvida deyirəm Şəhid Sərxana,
                    Bir başqa dünyanın adamısan sən.
                    Bizimlə xatirən qalır əbədi,
                    Bizimçün əəbədi qəhrəmansan sən.     
            
                    Yolları  nur dolu, əsgər əlvida,
                    Vətənə sən bizdən daha yaxınsan.
                     Adını yazmısan tariximizə,
                     Hur kimi hər yerdə qəlbə axırsan.       
           
                     Sənintək Vətənə oğul olmaqçün,
                     Sıraya düzülüb şagirdlərimiz.
                     Sənə bənzəməkçün, şəhid olmaqçün
                     Azad etməliyik torpağımızı.   
                       
                    İndi şəkillərdən boylanır bizə
                    Əlvida deyirəm şəhid Sərxana
                   Tarixə adını qanınla yazdın,
                   Sən şərəf gətirdin Azərbaycana.
                (Hacımadayeva Dina, 11-ci sinif)
      
 Namiq Abbasov, dostu: "Qardaşım idi Sərxan. Sinfə ilk ayaq basan gündən onunla dost olduq.  Hətta , sinif yoldaşımız  İnaranın xatirə dəftərindəki "Ən yaxın dostun kimdir?" sualının cavabını da ikimiz də bir-birimizin adını yazmışdıq. Çox istəyirdim onu. Məktəb vaxtı həmişə bir-birimizin evinə gedirdik. Elə  zarafatlarımız olurdu ki... Məktəbdən sonra əsgərlik ayırdı bizi. Bir müddət telefonla əlaqə qura bilmək imkanımız oldu. Əsgəri xidmətimizi başa vurandan sonra, yenidən doğma şəhərimiz Zaqatalaya qayıtdıq.  Sərxan atasının maşınını götürürdü ki, şəhərdə gəzək. 1-2 manat puldan atışıb, benzin tökürdük  baka. Sonra da musiqiyə  ən yuxarı həddə səs verib, düşürdük şəhərin canına, o maşını sürürdü, mən də sükanı saxlayırdım.  Sonra bir də gördük ki, böyümüşük. Daha  elə şıltaqlıqlar etmədik.  Bakıda Xüsusi Təyinatlı  Qüvvələrə qəbul olandan sonra,  ikimizdə çıxırdıq gecələr gəzməyə. Səhər açılana qədər bir yerdə olurduq. Bir-birimizdən doymurduq. Səhər də yuxlu-yuxlu gedirdim işə. Çətin günlərində  mənə o qədər əl tutub . Sərxanla eyni yaşıd olsaq da, o mənə həmişə böyük kimi yol göstərər, məsləhətlər verərdi. İndi Sərxan yoxdur. Bakı da, Zaqatala da mənə  yaddır, hara çıxıramsa, Sərxanı görürəm.  Hər səhər işə gedərkən görüşdüyümüz yerlərdən keçirəm, Sərxan gəlmir. Çay içmək istədiyim yerlərdə onun stəkanı boş qalır. Hər yerdə izi var qardaşımın-dostumun. Öz-özümlə danışıram: hardasan qardaş,  hardasan Sərxoş, mən ona zarafatla "sərxoş" deyirdim. Yenicə Xüsusi Təyinatlılar Qüvvələrinə qəbul olmuşdu.  Zaqatalada evlərində oturmuşduq.  Həlimət xala paltarlarını ütüləyirdi. Geyinib gəldi. Bir vüqarla dayandı qarşımızda, əlini qaldırıb, əsgər salamı verdi. Dedi bax, qaqaşın xüsusi təyinatlıdır daha. Pəncərənizi açıq qoyub, rahat yata bilərsiniz, cəbhəni mən qoruyuram. Hərbidən qazandığını evə göndərirdi, Çox xeyirli övlad idi. Onun yerini heç vaxt, heç kim doldura bilməyəcək".
İnara Hüseynova, sinif yoldaşı. İndi Hollandiyada  yaşayır:
" Mən indi uzaqlardayam.  Tale hərəmizi bir tərəfə atıb.  Sonuncu dəfə 2013-cü ildə görmüşdüm.   Özü də təsadüfən Zaqatalada üz-üzə gəldik. Çox sevindik. 5 dəqiqə vaxtımız oldu danışmağa. Onun həlak olması xəbərini  eşidəndə imtahanda idim.  Əvvəlcə inanmadım.  Elə bildim sinif uşaqlarımız   zarafat edir.  Sonra onun əmisi oğlu Muradla danışdım. Murad xəbəri təsdiqlədi. Ancaq sona qədər inanmırdıq. Ümid edirdik ki, hələ sağdır,  yaralıdır. Ancaq  aprelin 10-u bütün son ümidlərimizi də qırdı.  Allaha o qədər dualar etdik ki, o qədər yalvardıq ki, hifz eləsin Sərxanı, eşitmədi bizi. Bizim üçün o günlər çox ağır keçdi.  O həyatı çox sevirdi. Artıq  3-cü aydır ki, Sərxan yoxdur sıramızda. Ancaq  inanmaq istəmirik yoxluğuna. Həyat həm də qəddardır. Həmişə ən yaxşıları aparır.  Əgər mənim gücüm çatsaydı, nəyim varsa verərdim ki, təki Sərxan qayıtsın. Və inanın ki, belə düşünən təkcə mən deyiləm, həm də bizim bütün dostlarımızdır.  Bundan sonra bir yerə yığışanda, Sərxan olmayacaq... Onun əvəzi yoxdur, o əbədi olaraq  bizim ürəyimizdə qalacaq."
Bu şəhidin  tale yazısını, qısa ömrünün qısa hekayətini Sərxan Bayramov  oxuyan məktəbin  indi 4-cü sinif şagirdi olan Viktoriya Miloserdovanın  şeri ilə bitirmək istəyirəm. İstər Viktoriyanın, istərsə də Dinanın şerləri iki kövrək qəlbli qızcığazların ürək göynərtiləridir. Bu şerləri onlar rus dilində yazıblar. Tərcümələrini öz yaşlarına, öz yazdıqlarına uyğun etdim. Əslində yazdıqlarının sətri tərcüməsidir. Yəqin ki, kimsə deməyəcək ki, bu nə şerdir. Bu şer mənim üçün bu dəqiqə ən mahir bir şairin şerindən üstündür. Bu şerlərdəki ağrıları duyanlar biləcəklər, anlayacaqlar məni.  Onlar artıq, müharibənin, ayrılığın acısını hiss edirlər. Ən azı, qocaman müəllim Ənvər Məhyəddinovun gözlərində ilk dəfə olaraq  şəhid üçün axan yaşı görən balaca Viktoriya, onu heç zaman unutmayacaq. Və bu ağrılar, bu müharibə körpə balalarımıza qəmli şerlər yazdırıb.  Viktoriyanın bu şeri müharibəni yaradan şeytanlara bir sillədir. Balaca Viktoriya bu şeri ilə dünyaya səslənir. Sənin o balaca əlini öpmək də şərəfdir, ay balaca Vətən qızı. Nə yazıqlar olsun ki, o balaca əllərindəki qələm ayrılıq, həsrət, müharibə ağrısını yazdı. Sərxan canından keçdi ki, sən bu Vətəndə azad yaşayasan!
 
O çox igid idi,cürətli idi,

O çox mehribandı, cəsarətliydi.
Bir bahar səhəri, bir aprel günü
Vətən torpağında o həlak oldu.
Yox həlak olmadı, yenə doğuldu.
Biz onu heç zaman unudammarıq,
Onunla fəxr edir  şagirdlərimiz.
Axı Vətən yolunda o şəhid olub,
Bu torpaq  uğrunda canından keçib.
Bir aprel günündə qəhrəman olub.
Bizim  cəsarətli, mərd Sərxanımız.
Ancaq ki, ancaq ki,  biz heç bir zaman,
Sərxanın  yoxluğun istəməmişik.
Onun da taleyin beləcə yazıb,
Tanrı alıb , onu aparıb bizdən,
Onun qismətini göylərə yazıb.
Ey qəhrəman Sərxan, ey igid Sərxan,
Bizim 2 saylı məktəbmiz də,
Sənin ünvanını  qəlbinə yazıb.
(Miloserdova Viktoriya, 4 a sinfi, Zaqatala məktəblisi.)
       
Aprel ayında qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, gizir Sərxan Oqtay oğlu Bayramov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edlib. Onun medalı atası Oktaya təqdim olunarkən yenə hönkür-hönkür ağlayıb, Sərxanı dəfn edəndən sonra Azərbaycan bayrağını zabit  Oktay Bayramova  uzadarkən, belə ağlamışdı, ata. Oğulları ölən atalar, heç vaxt xoşbəxt olmurlar!