Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Moldova Prezidenti İqor Dodon ilə görüşüb.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev VII Bakı Qlobal Forumunda iştirak etdiyinə görə Moldova Prezidenti İqor Dodona təşəkkürünü bildirib. Dövlət başçısı deyib ki, VII Qlobal Bakı Forumu beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından çox mühüm və önəmli bir platformadır. Eyni zamanda, bu Forum bizə ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərini müzakirə etmək üçün imkan yaradır. Prezident İlham Əliyev Moldova Prezidentini seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edib. Bildirib ki, bu Forum beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib platformadır.

Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin hökumətlərarası müştərək komissiyanın ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı baxımından vacib əhəmiyyəti vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinə dəstək göstərdiyi qeyd olunub.

***

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub.

Unikal.org xəbər verir ki, görüşdə VII Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Çeferoviçə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin müzakirə edilməsi baxımından çox yaxşı bir fürsət olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğuladı.

Foruma dəvətə görə minnətdarlığını ifadə edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dost ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və qarşılıqlı maraq əsasında inkişaf etdirildiyini bildirdi. Azərbaycanın Bosniya və Herseqovinaya verdiyi dəstəyi və ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirdi. Bosniya parlamentinin üzvü olan zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımının qınanması ilə əlaqədar sənədin qəbul olunmasında şəxsən iştirak etdiyini deyən Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət etdi.

Dövlətimizin başçısı dost ölkə olan Bosniya və Herseqovinanın parlamentində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edilməsinə görə təşəkkürünü bildirdi. Hələ keçən əsrin 70-ci illərində Bakı və Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu deyən Prezident İlham Əliyev şəhərlər arasında əməkdaşlığın, insanlararası təmasların və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyini qeyd etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub.

Unikal.org xəbər verir ki, Monteneqro Prezidenti Foruma dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu tədbir beynəlxalq müstəvidə duran məsələlərin müzakirəsi baxımından mühüm platformalardan biridir. Azərbaycanla əlaqələri yüksək qiymətləndirən Monteneqro Prezidenti birgə həyata keçirən layihələrin ikitərəfli münasibətlərin inkişafından xəbər verdiyini dedi.

Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında çox sıx siyasi-iqtisadi əlaqələr olduğunu və birgə uğurlu layihələrin həyata keçirdiyini vurğuladı. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında Monteneqronun iştirakının da təqdirəlayiq olduğunu, bu layihənin həyata keçirilməsinin ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracağını dedi. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanda müxtəlif nəqliyyat layihələri həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanın nəqliyyat sisteminin Avropa ölkələri ilə əlaqələndirilməsi və xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ölkələrimiz arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Dövlətimizin başçısı ölkələrimiz arasında turizm, qaz və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük imkanların və perspektivlərin olduğunu da dedi.

Monteneqro Prezidenti qeyd etdi ki, Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər və Prezident İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi dəstək çox yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev Azərbaycanda da Monteneqroya böyük hörmətlə yanaşıldığını və Monteneqro ilə əlaqələrimizə mühüm əhəmiyyət verildiyini bildirdi.

Görüşdə, həmçinin ölkələrimiz arasında müqavilə-hüquq bazasının gücləndirilməsinə və digər sahələrin inkişafına dair geniş müzakirələr aparıldı.