Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində silah-sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri XPŞ-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Biləcəri XPŞ-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd tüstü şaşkası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır. 

Tüstü şaşkalarının ətrafında 60 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.