Dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org xəbər verir ki ,Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.İbrahimovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.