Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri olan Aliansa məxsus "Panorama Park" kompleksində tikinti işləri dayandırılıb.
Unikal.org xəbər verir ki, bu barədə "Qafqazinfo"ya məlumat verən müştərilər kompleksdən mənzil alsalar da, bir aydan çoxdur ki, təmir işlərinin aparılmadığını deyiblər.

Gəncə prospekti 29-30 ünvanında yerləşən qapalı yaşayış kompleksi geniş reklam kampaniyası aparırdı. Hazırda da bir sıra kanallarda və ticarət mərkəzlərində Panorama Parkla bağlı reklam məlumatları yayımlanır.

Kompleksdə mənzil qiymətləri otaqların sayından başqa evin mənzərəsinin dənizə baxıb baxmamasına görə də dəyişir. Belə ki, ən ucuz mənzilin 1 kv/m-i 990 AZN, ən bahalısının isə 1300 AZN-dir.

Məsələylə bağlı "Qafqazinfo" Alians şirkəti ilə əlaqə saxlayıb. Şirkətin marketinq meneceri Səbuhi Abbasov bildirib ki, hazırda işlər binaların daxilində davam etdirilir:

"Bizim bildiyimizə görə, orada işlər gedir, hər hansı bir dayanma halı yoxdur. Sadəcə hazırda iş binaların daxilində gedir. Bu səbəbdən müştərilərin hər hansı bir narahatlığına ehtiyac yoxdur. 2017-ci ilin may ayından mənzillərin təhvil olunması nəzərdə tutulub və hər şey planlara uyğun olaraq davam etdirilir".

Şirkət təmsilçisi işlərin dayanmadığını iddia etsə də, hər gün binaya baş çəkən müştərilər isə orada heç bir işin getmədiyini əlavə ediblər.

Qeyd edək ki, kompleksin rəsmi feysbuk şəbəkəsinə nəzər saldığımız zaman da müştərilərin tikintinin dayandırılması və işlərin zəif getməsi ilə bağlı narazılığının şahidi olduq.

Məşhur tikinti şirkətində işlər dayandı - Müştərilər narazıdır
Məşhur tikinti şirkətində işlər dayandı - Müştərilər narazıdır