12 Noyabr 2019
11 Noyabr 2019
Nazir Fransalı həmkarını qəbul etdi - Sənədlər imzalandı
Nazir Fransalı həmkarını qəbul etdi -Sənədlər imzalandı İQTİSADİYYAT 17:01 2019-07-29

İyulun 29-da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov  ölkəmizdə səfərdə olan Fransa Respublikasının İqtisadiyyat və maliyyə naziri Bruno Lö Merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Unikal.org xəbər verir ki, qonaqları salamlayan S.Şərifov cənab Bruno Lö Merinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də qəbul edildiyini və səfərin çox məhsuldar olduğunu ikitərəfli münasibətlərin daha da inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Nazir ölkəmizin Fransa ilə münasibətlərə hər zaman böyük önəm verdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin iyul ayında və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın 2019-cu ilin mart ayında Fransaya rəsmi səfərlərinin nəticəsi olaraq iki ölkə arasında əlaqələrin inkişafına əlavə təkan verildiyini və bu səfərlərdən sonra iqtisadi əməkdaşlıq sahəsinə böyük işlər görüldüyünü, bir sıra layihələr üzrə sazişlərin imzalandığını, həmçinin yeni müqavilələr üzrə işlərin artıq yekunlaşdığını bildirib. 

Bu günlərdə Fransa Sahibkarlar Təşkilatı – MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönun rəhbərlik etdiyi və müxtəlif sahələrdə fəaliyyət göstərən 60-dan çox fransız şirkətinin təmsilçilərinin ölkəmizdə səfərdə olduğunu xatırladan S.Şərifov səfər zamanı fransız biznes dairələrinin ölkə rəhbərliyi tərəfindən qəbul edildiyini, hökumətin iqtisadi blokuna daxil olan qurumlarda, nazirliklərdə, eləcə də özəl sektor nümayəndələri ilə səmərəli müzakirələr apardıqlarını qeyd edib. 

Nazir həmçinin bildirib ki, mütəmadi olaraq iclasları keçirilən Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyası da ölkələr arasında iqtisadi, maliyyə, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafına dəstək verir və təsadüfi deyil ki, Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır: ”Bu gün Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamətlərindən birini ticarət əlaqələri təşkil edir. Biz fransız şirkətləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində və çoxşaxəli olmasında maraqlıyıq. Hesab edirik ki, bu əməkdaşlığımız fransız şirkətləri tərəfindən yalnız müxtəlif təyinatlı mal və xidmətlərin tədarük edilməsi ilə məhdudlaşmamalıdır. Birbaşa investisiya qoyulmaqla Azərbaycanda fransız lisenziyası, təcrübəsi və elmi-fikri əsasında istehsal sahələri yaradıla bilər. Fransız şirkətləri Azərbaycanın təşviq imkanlarından istifadə etməklə Fransa istehsalını Azərbaycana köçürə və istehsal edilən əmtəə və xidmətlərin region ölkələrinə sərfəli satışını buradan həyata keçirə bilərlər. Bununla da biz fransız şirkətlərinə əlavə rəqabət imkanı yarada bilərik”.

Öz növbəsində Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Bruno Lö Merin Azərbaycana ilk dəfə səfər etdiyini və Bakı şəhərinin inkişafının və gözəlliyinin onda yüksək təəsürat yaratdığını bildirib. 

Fransalı nazir iki ölkə arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu, ölkəsinin ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. Nazir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını ifadə edib: “Fransa Azərbaycanla əməkdaşlığının yeni mərhələsinə yüksəlməsində maraqlıdır. O cümlədən Fransa Azərbaycanda neft-qaz layihələri çərçivəsində əməkdaşlığın genişləndirilməsini istəyir. Bundan əlavə, Fransa şirkətləri Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, nəqliyyat sektoru, maliyyə, ekologiya və sair sahələrdə əməkdaşlıq etməyə maraqlıdır. Azərbaycanda köhnə, istifadəyə yararsız neft və qaz yataqlarının ekoloji cəhətdən yararlı şəkildə reabilitasiyası ilə bağlı Fransa tərəfindən layihə hazırlanıb və bu layihə reallaşa bilər”.

Görüşün yekununda ALSTOM şirkəti ilə Azərbaycan Dəmir Yolları QSC arasında texniki dəstəyin göstərilməsinə dair Lokomotivlər parkı üzrə müqavilə imzalanıb. Müqaviləni Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov və ALSTOM şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.

Sonra Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Fransa Respublikasının İqtisadiyyat və Maliyyə naziri Bruno Lö Merin mətbuata birgə bəyanatla çıxış ediblər, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.


  • Nazir Fransalı həmkarını qəbul etdi -Sənədlər imzalandı
  • Nazir Fransalı həmkarını qəbul etdi -Sənədlər imzalandı
  • Nazir Fransalı həmkarını qəbul etdi -Sənədlər imzalandı
  • Nazir Fransalı həmkarını qəbul etdi -Sənədlər imzalandı
  • Nazir Fransalı həmkarını qəbul etdi -Sənədlər imzalandı