Hacıbala Abutalıbov oğluna məscid tikdirir?!
Hacıbala Abutalıbov oğluna məscid tikdirir?!

Meriyanın elan etdiyi tenderə ilginc şərhlər gəldi

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda məscid kompleksinin tikintisi üçün tender elan edib. modern.az bildirir ki, bu barədə Satınalınmalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə noyabrın 14-nə qədər təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
İddiaçıların təklifləri noyabrın 23-də Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 73 ünvanında açılacaq.
Bu xəbər sosial şəbəkələrdə geniş reaksiya doğurub. Belə ki, xeyli sayda facebook istifadəçisi Abutalıbovun məscid kompleksi inşa etdirməsinin oğlu ilə əlaqəli ola biləcəyinə eyham vuran şərhlərlə çıxış ediblər.
Məsələ burasındadır ki, bir müddət əvvəl Bakı merinin oğlunun biznes fəaliyyətinə son qoyduğu və dindarlığa başladığı bildirilirdi. İsrafil Abutalıbovun vəhhabilik kimi tanınan dini təriqəti qəbul etdiyi və bu səbəbdən əvvəlki həyat tərzindən imtina etdiyi də gələn bilgilər arasında idi.
İndi isə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda məscid kompleksinin tikintisi üçün tender elan etməsi bir çoxlarında bunun məhz Abutalıbovun oğlunun istəyi ilə baş verdiyi barədə mülahizələr yaradıb. Əlbəttə, belə ehtimalların nə qədər doğru olub-olmadığını bizim nə söyləməmiz, nə də dəqiqləşdirməmiz mümkün deyil.
Bununla belə, hər halda sosial şəbəkələrdəki şərhlərin də özbaşına ortaya çıxmadığını qəbul etmək lazımdır. Əks halda hər gün şəhərin bir yerində vətəndaşların evini başına uçuran Bakı şəhər İcra Hakimiyyətinin qəfildən "Allah evi" tikmək istəməsi doğrudan da maraqlıdır. Həm maraqlıdır, həm də absurd.
Murad Can