Bakıda itkin düşən bacı-qardaş tapılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Unikal.org-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gündən itkin düşən, 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızının yeri müəyyən olunaraq tapılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

İstintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Məlumatda həmçinin qeyd olunur ki, ictimai təhlükəli əməldə şübhəli bilinən, 1993-cü il təvəllüdlü Nargilə Quliyeva tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gün Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər.