Prezidentdən bp-yə sərt təpgi: "bp şirkəti öhdəliklərini yerinə yetirmir"
Prezidentdən bp-yə sərt təpgi: "bp şirkəti öhdəliklərini yerinə yetirmir"

Qabil Hüseynli: ""bp şirkətinin günahları üzündən son dövrlər "Azəri" və "Günəşli"
yataqlarında neft hasilatı azalmağa doğru gedir və bu gedişat Azərbaycanı qane edə bilməz"


Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev xeyli illərdir ki, Azərbaycanda fəaliyyət göstərən bp şirkətinin ünvanına kəskin tənqidi ifadələr işlədib. Onun sözlərinə görə, "İnfrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bu günkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək.

Ancaq konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb. Bu, birinci il deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü var. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir".
Prezident "Azəri", "Çıraq" neft yataqlarına böyük investisiyalar qoyulduğunu vurğulayıb: "Biz buna görə bütün investorlara minnətdarıq və yenə də deyirəm, bu investisiyalar bizə imkan verdi ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf biznes layihədir. Yenə də bir neçə rəqəmi səsləndirmək istəyirəm. "Azəri", "Çıraq" neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulub. Bu günə qədər konsorsium 73 milyard gəlir götürüb. Yəni böyük mənfəət əldə edilib. Əlbəttə, bütün bu mənfəət kontraktın şərtləri əsasında mümkün olub. Azərbaycan tərəfi də böyük mənfəət götürüb. Bu gün bizim 45 milyard səviyyəsində olan valyuta ehtiyatlarımızın böyük hissəsi Neft Fondunun vəsaitidir. Nə qədər vəsait də son 12 il ərzində xərclənib. Dövlət Neft Fondu 1999-cu ilin sonunda - dekabr ayında yaradılıb. O vaxtdan bu günə qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin, infrastruktur layihələrinə, məktəblərin, yolların tikintisinə, abadlıq işlərinə qoyulan investisiyaların əsas mənbəyi bizim neft sənayemizdir. Ona görə bu, sırf kommersiya layihəsidir. Hesab edirəm ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm ki, gözlənilməyən bu tənəzzül sırf "Azəri", "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olub. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyil. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdi ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaq. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyil.
Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçib və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcək".
"BP-Azerbaijan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı isə bildirib ki, "Biz Azərbaycana tam sadiqik və "Azəri-Çıraq-Günəşli" hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik".
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, "Birinci dəfə deyil ki, Prezident İlham Əliyev haqlı səbəblərə görə bp-ni tənqid edir. Bir neçə ay bundan əvvəl də Prezident eyni arqumentlərlə sözügedən şirkəti tənqid etmişdi. O zaman hətta şirkətin prezidenti İngiltərədən Azərbaycana gələrək Prezidentlə görüşüb yaranmış vəziyyəti müzakirə etmişdi".
Politoloqun dediyinə görə, "bp şirkətinin günahları üzündən son dövrlər "Azəri" və "Günəşli" yataqlarında neft hasilatı azalmağa doğru gedir və bu gedişat Azərbaycanı qane edə bilməz. Müşahidələrə görə bp neft quyularının istismarını sabit səviyyədə saxlamaq üçün əlavə maya sərf etmir və yeni avadanlıqlar tətbiq edilmir. Bunun səbəbləri daha çox şirkətin indiki maliyyə vəziyyətindən irəli gəlir. Yadınızdadırsa, Meksika körfəzində və Şimal dənizindəki istehsalat qəzalarından sonar bu şirkətə iri məbləğdə cərimələrə məruz qalıb ki, bu da b p-nin maliyyə imkanlarını zəiflədib. Amma bp Azərbaycanda çıxarılan neftə görə xüsusi məsuliyyət daşıyır. Belə ki, bu şirkət Xəzərdə neft çıxardan digər şirkətlərin məhsulunu da xarici bazarlara nəql edir. Buna görə də onun işində zəifliyin yaranmasına yol vermək olmaz".
Savalan