Oktyabrın 23-dən 26-dək Bakıda keçiriləcək dünya çempionatının əsas mərhələsinin oyunlarında iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Unikal.org AFFA-ya istinadla xəbər verir ki, heyətdə Rövşən Hüseynli (“Araz”), Elnur Zamanov (“Neftçi”), Hadi Ahmadi, Nihad İsmayılov, Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev, Ramiz Çövdarov (hamısı “Araz”), Oliveira Do Naskimento Villiams (“Alarabi Sporting”, Küveyt), Vahid Şafiei, Amir Shojaei (hər ikisi “Araz”), Teles Martins Thiaqo (“Norlisk Nikel”, Rusiya), Eşagh Surghali (“Azaraxş”, İran) və Melo Borges Eduardo (ACCS, Fransa) yer alıblar.

Bakı İdman Sarayında təşkil olunacaq əsas mərhələdə millimiz Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq. Futzalçılarımız oktyabrın 23-də Moldova, ertəsi gün Monteneqro, ayın 26-da isə Slovakiya yığmaları ilə üz-üzə gələcəklər.