21 Noyabr 2019
Rauf Arifoğlu ilə böyüyən “Yeni Müsavat”
Rauf Arifoğlu ilə  böyüyən “Yeni Müsavat” CƏMİYYƏT 20:13 2019-11-07

Ölkənin ən çoxtirajlı qəzetləri sırasında yer alan “Yeni Müsavat” qəzeti  30 illiyini qeyd edir.

Unikal.org xəbər verir ki, çağdaş zamanımızın ən uzunömürlü qəzetlərindən olan “Yeni Müsavat”ın ilk sayının işıq üzü görməsindən 30 il ötür. Qəzet 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokratik Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb.
Qəzetin qurucusu hazırkı baş redaktor Rauf Arifoğludur.
“Yeni Müsavat” qəzetinin ilk sayı 10 noyabr 1989-cu ildə çap olunub. 1989-cu ilin noyabrından 1991-ci ilin sentyabrınadək  “samizdat" üsulu ilə “Yeni Müsavat”ın 17 nömrəsi çıxıb.  Həmin illərdə “Yeni Müsavat” gizli və qeyri-formal nəşr olunub.


1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər alıb.
2009-cu ilin noyabr ayının 8-də - qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişib və “Yeni Müsavat” Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.
Əməksevərliyin, prinsipiallığın, qətiyyətin peşəkarlıqla çulğalaşması  və bu missiyanın  Rauf Arifoğlu başda olmaqla nəşrin kollektivinin üzərinə götürməsi 30 illik bir tarixi yazdı. «Yeni Müsavat» Azərbaycanda ciddi jurnalist nəslinin formalaşmasında müstəsna xidmətləri olan mətbuat orqanıdır. “Yeni Müsavat” qəzetinin hazırkı yüksək mövqeyi Rauf Arifoğlunun xidmətidir.  Belə bir zirvənin fəthi 30 ilin ən böyük mükafatıdır.
Qeyd edək ki, qəzet çap versiyası ilə yanaşı “musavat.com” onlayn resursu ilə də öz fəaliyyətini davam etdirir.
Unikal.org kollektivi adından həmkarlarımızı təbrik edir,  onlara bu qəzetin 100 illiyini qeyd etmələrini arzulayırıq.